Dünən Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra İrəvana gedib və Nikol Paşinyanla görüşüb. Əksər insanları maraqlandıran isə Overçukun qovluğunda nələrin olmasıdır.
Çünki sabah Soçi şəhəri üçtərəfli görüşə ev sahibliyi edəcək.
Mövzu ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucla əlaqə saxladıq.
Bizim.Media-ya özəl açıqlamasında deputat bildirib ki, Rusiya baş nazirinin müavini hər iki ölkənin (Azərbaycan və Ermənistanın) hökumətləri, müvafiq səlahiyyətli şəxsləri ilə artıq bir neçə aydır ki, sistemli olaraq intensiv danışıqlar aparır.
MÖVZU İLƏ BAĞLI:
Zahid Oruc: “Milonov Rusiya dövləti demək deyil”
Bu isə özü-özlüyündə onun sübutudur ki, alternativ platforma, yaxud digər kommunikasiya kanalları ya mövcud deyil, ya da effektli olaraq işləmir:
“Yəni, burada qərb dövlətlərinin himayədarlığı altında aparıla biləcək danışıqlar, yaxud da ki, bölgə dövlətlərinin, xüsusi ilə də Gürcüstanın müəyyən vasitəçiliyə çalışması nəzərdə tutulur. Hətta özü üçlük formatının meydana gəlməsi üçün ardıcıl təşəbbüslər göstərir.
Təbii ki, bu, bütövlükdə Rusiyanın moderatorluğu əsasında həyata keçirilən və daha böyük regional açılımı özündə ifadə edən proses deyil.
Görünən mənzərə budur ki, həm Azərbaycan, həm də Ermənistan Rusiyadan gələn təklifləri məqbul sayır və bu istiqamətdə addımlar atmağa hazırdır”.
Zahid Oruc iki gün əvvəl Paşinyanın keçirdiyi mətbuat konfransına da toxunub.
Millət vəkili bildirib ki, Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək yola etiraz etməsə də, dəhliz məntiqinin işlənməsinə qarşı çıxıb. Bunun isə səbəbləri var. İrəvan küçələrindəki müxtəlif lokal toqquşmalar bir aya gələrək Paşinyan iqtidarını yıxa bilər. Buna görə də Paşinyan Azərbaycanla Naxçıvanı birləşdirəcək yola dəhliz terminini işlətmədən münasibət bildirir.
Deputatın fikirlərindən belə aydın olub ki, ermənilər sadəcə olaraq Zəngəzur adından qorxurlar:
“Ermənilər son iki əsrdə Azərbaycan mirasını nə qədər məhv etməyə, öz daxillərindən çıxartmağa, erməniləşdirməyə çalışsalar da, Zəngəzur mis-molibden zavodu, orada xüsusi Zəngəzur qəsəbəsi, bu adda kombinat və s. mövcuddur”.
Ümumiyyətlə, XX əsrin ilk 20 illiyində olduğu kimi, SSRİ dağıldıqda, I Qarabağ müharibəsi zamanında da Zəngəzur xüsusi siyasi məna kəsb edib. Deputatın fikrincə, qarşı tərəfi, yəni erməniləri narahat edən də, məhz budur.
O səbəbdən də Soçi görüşü Azərbaycan üçün müsbət nəticələr baxımından yadda qalacaq. “Ən azından artıq komissiyanın yaradılması istiqamətində qərar veriləcək.
Amma Paşinyan Soçi görüşünün iflasa uğramasını çox arzulayır.
Ona görə ki, dekabrın 15-də o, Avropa məkanında maksimum nümayiş etdirməyə çalışacaq ki, “2.6 milyard avronu bizə yönəldin, bizi himayə edin. Fransa da Ermənistana bir yandan həm silah təklif edib, həm də sülhməramlılar kimi müəyyən ordu yardımına da razıdır.
Rəsmi Moskvanın moderatorluğunun region uğrunda aparılan amansız mübarizədə digər dövlətlərin sıxışdırılıb çıxarılması fonunda Paşinyan situasiyanın çözümünü yalnız bu cür görür.
Ona görə də 10 noyabr (2020) və 11 yanvardan (2021) sonra növbəti dövr üçün yeni vəzifələrin həyata keçirilməsi anlamında 26 noyabr da önəm daşıyır.
Kiçik zaman kəsiyində, görüşə 2-3 gün qalmış Overçukun Bakı və İrəvan səfərləri sübut edir ki, Putin bu danışıqları sadəcə Brüsselin gələcək planlarına zərbə vurmaq, 2 gün əvvəl Şarl Mişelin etdiyi telefon zənginin qarşılığında “biz bölgəni Qərblə paylaşmayacağıq” mesajını verməkdən daha çox real məsələdə müəllifliyə çalışır. Yəni, hansısa bir hissədən kommunikasiyalar açılsın.
Azərbaycanın insanları istər xarici-ticari xarakterdə olan, istərsə də sadəcə səfərlər baxımından Zəngəzurdan və ya hansısa digər ərazilərdən keçib Naxçıvana, oradan da Türkiyəyə gedə bilsinlər.
Türkiyədən də Azərbaycana keçid baş versin. Beləliklə, bununla Rusiya regiondakı dominantlığını qoruyacaq”.
Paşinyanın 9 noyabrda təxmin olunan görüşü həmin tarixin “mənəvi-psixoloji problem” olması bəhanəsilə təxirə salmasında görünən odur ki, Moskvanın irəli apardığı danışıqlar prosesi zərbə alırdı.
Zahid Oruc əlavə edib ki, buna görə Qərb də prosesi öz nəzarətinə götürmək və alternativlər təklif etmək niyyətindədir:
“Bu vəziyyətdə Avropa Birliyi prosesi nəzarətinə götürmək istəyib. Ona görə də sabahkı danışıqlarda yalnız komissiya yaradılacaq. Lakin əminik ki, gələcəkdə prosesin irəliləməsi fonunda, nəhayət iki ölkə arasında böyük sülh sazişinin də imzalanması mümkün olacaq”.
Bizim.Media