Heç kim həyatda başına gələcək bədbəxt hadisələrdən sığortalanmayıb. Həmin hadisələr evdə olarkən, işə gedərkən və ya sadəcə çöldə gəzərkən də başımıza gələ bilər. Bu tip vəziyyətlərlə daha çox təbii fəlakətlər baş verdikdə və müxtəlif qəzalar zamanı rastlaşa bilərik.
Məhz elə bir müddət öncə Bakıda müşahidə olunan güclü külək həm obyektlərə, həm də insan həyatına böyük zərərlər vurdu. Kimi başından xəsarət aldı, kimisi isə ayağını itirdi.
Problemlər də elə bundan sonra başlayır. İnsan aldığı xəsarətin hesabını, təzminatını təbii ki, nə küləkdən nə də digər əlçatmaz şeylərdən ala bilməz. Bəs bu cür hadisələrdən zərərçəkən şəxslər hara və kimə müraciət etməlidirlər?
MÖVZU İLƏ BAĞLI:
İcbari Tibbi Sığorta üçün 1 milyard manatdan çox vəsait ayrılacaq
Hüquq müdafiəçisi Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında araşdırma zamanı günahkar tərəf olarsa, o zaman müvafiq addımların atıla biləcəyini diqqətə çatdırdı:
“Zərərçəkmiş şəxsin sığortası olarsa, dəymiş zərər onunla ödənilir. Təbii fəlakətlər zamanı adətən günahkar axtarmaq bir az çətin olur. Lakin başqa faktorlar varsa, məsələn zərərçəkmiş üzərinə düşmüş ağacdan xəsarət alarsa yoxlanış aparılır. Əgər vaxtında ağacın təhükə törədəcək hissələri kəsilməyibsə bu zaman məsuliyyət kommunal xidmətə düşür. Bununla da zərərçəkən şəxs, sağlamlığına dəymiş zərərin kompensasiyası üçün məhkəməyə müraciət edə bilər. Bu qayda əmlaka dəyən zərərə də aiddir”.
Sığorta üzrə ekspert İlkin İbrahimov isə bu tip hadisələrdə sığorta vacibliyini diqqətə çatdırıb:
“Bütün vətəndaşlara tövsiyə olunur ki, sığorta məhsullarından istifadə etsinlər. Fərdi qəza sığortası var ki, bədbəxt hadisə nəticəsində sağlamlığını itirən şəxslərə tətbiq olunur. Və xərcləri həmin sığorta ilə təmin olunur. İcbari tibbi sığorta etdirən şəxslər pulsuz olaraq bütün tibbi prosedurlardan yararlana bilərlər. Əgər hadisənin baş verməsində 3 şəxsin və ya obyektin günahı varsa, o zaman hüquq müstəvisində təzminat tələb oluna bilər”.
Səkinə Yusibli, Bizim.Media