Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb.
Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayan sədr soydaşlarımızı 18 Oktyabr –Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.
Daha sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.
Qeyd edək ki, hazırda 33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.
Bizim.Media