Yeni tədris ili bir aydan az vaxtda başlayıb. Amma hər gün bir neçə sinif koronavirusa yoluxma səbəbindən bağlanaraq, distant təhsilə keçir. Bəzi siniflərdə isə yoluxan şagirdlə kontakda olanlar 14 gün müddətində karantinə alınır. Ötən gün Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kamil Əsgərovun virus səbəbindən dünyasını dəyişməsi, ictimaiyyətdə əməlli-başlı təşviş yaradıb. Sosial şəbəkələrdə təhsil müəssisələrinin bağlanması və onlayn təhsilə keçməsi ilə bağlı çoxsaylı çağırışlar edilib.
Məktəblər yenidən qapadıla bilərmi?
Bizim.Media-ya bu barədə danışan Milli Məclisin Təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təhsil müəssisələrindəki yoluxma dinamikasına hər gün nəzər salmağın vacibliyini önə çəkib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 241 sinif distant təhsilə keçirildi – RƏSMİ
“Yoluxmanın hansı məktəbdə nə qədər təşkil etməsi statistikasını izləmək lazımdır. Əgər hansısa məktəbdə o tendensiya varsa, konkret həmin təhsil müəssisəsi qapadılmalıdır. Bütün məktəbləri bağlamaq olmaz. Amma virus uşaqlar arasında sürətlə yayılmış olsa, bu haqda düşünməli olacağıq və Təhsil Nazirliyi də mövqeyini ortaya qoymalıdır. Tələsik, bir neçə yoluxma faktına görə məktəblərin bağlanması düzgün qərar olmaz. Hər halda gündəlik yoluxma dinamikası izlənməli və təhlil olunmalıdır.
Elə rayon və ya məktəb var ki, ora COVID heç gedib çatmayıb. Həmin təhsil müəssisəsini bağlamağa nə ehtiyac var?”
Deputat hesab edir ki, bütün ili distant tədrislə davam edə bilmərik:
“Əvvəlki təcrübələrimizdə də gördük ki, onlayn dərslər o qədər də effekt vermədi və bir çox ərazilərdə distant dərslərə qoşula bilməyənlər oldu. Hər bir məsələnin ətrafında təhsil dayanır. Dərslərin ənənəvi qaydada keçirilməsi davam etdirilə bilər”.
Məktəblərdə qripin baş alıb getdiyini deyən Aqiyə Naxçıvanlı bu məsələdə təhsil müəssisələrini məsuliyyətli olmağa çağırıb:
“Uşaqlar dərsə qriplə gəlir. Baxırsan ki, sinfin yarısı qripə tutulub. Heç ayırd da etmək olmur ki, bu nədir? Məktəb və sinif rəhbərləri, eləcə də müəllimlər diqqətli olmalıdır. Hətta soyuqdəymə halları varsa, o uşaqlar məktəbə buraxılmamalıdır və valideynlərlə iş aparılmalıdır. Fikrimcə, məktəblərə fərdi yanaşmaq lazımdır. Hansı təhsil müəssisəsində yoluxma sürətlənirsə, ora qapadılmalı, digərləri isə ənənəvi təhsili davam etməlidir”.
Alçina Amilqızı, Bizim.Media