"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.
Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlıq müzakirə edilib, şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsi vurğulanıb.
O cümlədən, AZAL-ın təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə "Airbus Group" aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-ə qədər təyyarə təchiz edə bilər.
Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər.
Bu təkliflər sonradan AZAL-ın Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media