Pakistanı qarışdırmaq CƏHDLƏRİ – Türk dünyasına inteqrasiya kimləri narahat edir?

Pakistanı qarışdırmaq CƏHDLƏRİ – Türk dünyasına inteqrasiya kimləri narahat edir?

Hazırda oxunan: Pakistanı qarışdırmaq CƏHDLƏRİ – Türk dünyasına inteqrasiya kimləri narahat edir?

41285

Ötən əsrin ortalarından bəri davam edən Pakistan-Hindistan rəqabəti zaman keçdikcə müəyyən dərəcədə transformasiyaya uğrayıb. Xüsusilə də, yeni qlobal düzəndə baş verən dəyişikliklər və bütün güclü aktorlara təsir edən bir sıra regional proseslər bu iki Asiya nəhənginin mübarizəsində də özünə yer tapıb. 

Ötən gün, oktyabrın 11-də Kəşmir ərazisində 5 hindistanlı hərbçinin ölümü ilə nəticələnən qarşıdurmanın baş verməsi sözügedən rəqabətin yenidən aktuallaşmasına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistanlı iş adamları Azərbaycanda sənaye zonalarına sərmayə qoyacaq – FOTO


Lakin fərqli reallıqlar fonunda...

Belə ki, tərəflər arasında uzun illərdir davam edən və minlərlə insanın ölümünə səbəb olan qarşıdurmalar son bir ildə, ilk növbədə Əfqanıstanda və Cənubi Qafqazda baş verən proseslər fonunda yeni mərhələyə qədəm qoyub. Artıq dünyada ölkələrarası rəqabətin əsas silahına çevrilməyi bacaran iqtisadi amillər, bu ki nüvə dövlətinin mübarizəsində də müşahidə olunur. 

Əgər Pakistan-Hindistan rəqabətinə Əfqanıstan meydanında tamaşa etsək, oyunun İslamabadın açıq üstünlüyü şəraitində keçdiyini görmək mümkündür.

Xüsusilə də, Talibanın vahid gücə çevrilməsi, Pakistanın və müttəfiqi Çinin maraqlarına tam cavab verir. 

Cənubi Qafqazda isə, vəziyyət bir qədər fərqlidir. Belə ki, Azərbaycanın 2020-ci ilin payızında Ermənistan üzərində qazandığı zəfərdən sonra yaratdığı yeni reallıq fonunda, demək olar ki, bütün böyük güclərin diqqəti məhz bu regiona yönəlib. Xüsusilə də, regionda kommunikasiyaların bərpası məsələsi Avropa ilə ticarətdə önəmli pay sahibləri olan 3 Asiya nəhənginin üzünü Cənubi Qafqaza çevirməsinə səbəb olub.
 

Maraqlar isə müxtəlifdir. Belə ki, regionda Azərbaycanın yaratdığı yeni düzən rəsmi Bakının yaxın müttəfiqi olan Pakistan, eyni zamanda Çin üçün faydalı olsa da, rəsmi Dehli üçün oxşar sözləri demək bir qədər doğru olmazdı. 


Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın İrəvana rəsmi səfəri gözlənilir və əksər mütəxəssislər nazirin bu ziyarətini məhz az öncə bəhs etdiyimiz logistik məsələlərə əlaqələndirirlər. Hindistanı narahat edən ən önəmli məqam isə, İranla demək olar ki eynilik təşkil edir. Belə ki, Asiya mallarının Avropaya daşındığı iki ən önəmli limandan biri olan İranın Çahbehar limanı (digəri Pakistanın Qvadar limanıdır) Hindistanın Avropa ilə ticarətinin əsas halqalarından birini təşkil edir. Eyni zamanda Dehli rəsmi Tehran kimi Ermənistandan keçməklə Qara dənizə uzanan yeni marşrutun yaradılmasında maraqlıdır və Zəngəzur dəhlizinin açılmasını Hindistan da ən azı İran qədər yoluna qoyulan daş kimi görür. 

Lakin Hindistanın tək dərdi logistika ilə bağlı deyil.

Belə ki, əsas düşməni olaraq gördüyü Pakistanın ardıcıl olaraq qalib tərəflərin yanında mövqe tutması və regionda əlini gücləndirməsi rəsmi Dehli üçün əsas kabus ssenarisidir. Xüsusilə də, Cənabi Qafqazın və Yaxın Şərqin əsas söz sahiblərinə çevrilən Azərbaycan-Türkiyə tandemi ilə müttəfiqlikdən də artıq, qardaşlıq münasibətlərinin olması İslamabadın Hindistan qarşısında mühüm iqtisadi “avantaj” qazanması deməkdir.

Eyni zamanda məsələnin hərbi və siyasi aspektləri də yox deyil.
 

Belə ki, regionda türk dövlətləri arasında artan inteqrasiyada etnik olaraq fərqliliklər olsa da Pakistan da önəmli aktor kimi görülür və bu rəsmi İslamabadın regionun güclü ölkələri ilə əl birliyi qazanması deməkdir. 


Hindistanın tutduğu tərəf isə, hələlik xeyli aciz görünür. Belə ki, uzun illər İran limanlarına yatırım etməklə ümidini ilk öncə rəsmi Tehranın hər dəfə müəyyən bəhanə ilə ləngitməyə çalışdığı Şimal-Cənub daha sonra isə, xəyali Ermənistan dəhlizinə bağlaması Azərbaycanın qətiyyətli mövqeyi qarşısında nəticəsiz qalmaq üzrədir.

Belə olan halda isə, həm Hindistanın, həm də Zəngəzur dəhlizi və Pakistan-türk birliyinin yaradılmasında maraqlı olmayan digər qüvvələrin bu və ya digər formada sabotajlara əl atması mümkündür. Lakin xarici siyasətdə uğurlu seçim etmiş Pakistanın artan iqtisadi, eyni zamanda hərbi və siyasi potensialı fonunda Dehlinin apardığı hazırda yürütdüyü siyasətin uğur qazanması isə reallıqdan xeyli uzaq görünür.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO