1 oktyabr 2021-ci il tarixində İran silahlı qüvvələri Azərbaycan sərhəddinə yaxın ərazilərdə “Xeybər fatehləri” adlı hərbi təlimlərə start verib. Təlimlərlə bağlı İran silahlı qüvvələri tərəfindən bir neçə gündür ki, bölgəyə çoxsaylı hərbi texnikanın daşınmasını həyata keçirilirdi. Hərbi təlimlərin xüsusilə Azərbaycan sərhəddinə yaxın ərazilərdə keçirilməsi bəzi ekspertlər tərəfindən İranın Azərbaycana mesajı kimi qiymətləndirilir. Eyni zamanda təlimlərə qədərki dövrdə İran rəsmilərinin Azərbaycan haqqında səsləndirdiyi təxribat xarakterli paylaşımlar da bu iddiaları gücləndirməyə xidmət edir.
MÖVZU İLƏ BAĞLI:
Wikipedia-da erməniləri dayandıran olacaqmı? - Bizim.Media-dan ÇAĞIRIŞ
30 sentyabr 2021-ci il tarixində İran silahlı qüvvələri hələ hərbi təlimlərə start verməmiş bir sıra xəbər saytlarında əsassız məlumatların tirajlanmasına başlanılıb. Əsasən sosial şəbəkələrin rus seqmentində tirajlanan xəbərlərdə Azərbaycan və İran sərhəddində silahlı insidentin baş verdiyi və aramsız döyüşlərin başladığı qeyd olunur. Son günlərdə baş verən hadisələr Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsində bir sıra İran rəsmiləri ilə üçüncü tərəflərin da maraqlı olması ilə bağlı şübhələrə əsas verir.
Bu məlumatlar Avia.pro, Discover24, Voennoye Delo, Glas.ru, SM news, Rk news, solenka.info, İnfosmi.net, ianed.ru kimi rusdilli xəbər saytlarında tirajlanır.
Paylaşılan məlumatların hər birinin eyni məzmunda və eyni üslubda olması xüsusilə diqqət çəkir. Hətta bəzi xəbərlər eyni başlıqda və eyni fotoşəkillərlə birgə yayımlanıb. Qısa araşdırma nəticəsində bu saytların Rusiya mərkəzli olduğu və Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan şəxslər tərəfindən idarə olunduğu ortaya çıxarılıb. Eyni zamanda adı çəkilən saytların ciddi xəbər resursu olmadığı, üçüncü dərəcəli informasiya, bəzən də dezinformasiya mənbəyi kimi qəbul edildiyi müəyyən edilib. Bu saytların xəbər kontenti də tamamilə eyni xəbərlərdən ibarətdir.
Adı çəkilən saytlarda yayımlanan dezinformasiyalar Azərbaycan daxilində çaxnaşma yaratmaq məqsədilə hazırlanmış planın tərkib hissəsidir.
Hələ bir il əvvəl Vətən müharibəsi zamanı bu saytlardan bəziləri, xüsusilə Avia.pro, solenka.info və glas.ru saytları cəbhədə Ermənilərin “qələbələri” ilə bağlı yazılara yer verir, Ermənistan Müdafiə nazirliyinin qondarma statistik məlumatlarını tirajlayırdı. Paylaşılan “saxta” məlumatların digər saytlar tərəfindən də eyni qayda ilə tirajlanması həyata keçirilib.
Azərbaycanla Ermənistan arasında informasiya müharibəsinin qızğın günlərində erməni maraqlarına uyğun məlumatlar tirajlayan bu xəbər saytlarının əsas məqsədi daxili auditoriyanı dezinformasiyalarla yönləndirməyə çalışmaq idi.
Bu cür dezinformativ fəaliyyətlərin Rusiya üzərindən tirajlanması diqqətin yayındırılmasına yönəlmiş fəaliyyətlərdir.
Çünki bu istiqamətdə fəaliyyətlərin icrası Rusiya üçün olduqca kiçik və əhəmiyyətsiz bir işdir. Əgər Rusiyanın belə bir plan vardısa, məlumatlar çox asanlıqla daha ciddi və nüfuzlu kanallar vasitəsilə tirajlana bilərdi. Bu saytların daha əvvəl oxşar istiqamətlərdə fəaliyyəti də nəzərə alındığında son dezinformasiyaların arxasında erməni maraq qruplarının və ya birbaşa onların tapşırığı ilə hərəkət edən şəxslərin olduğu aydın olur.
Ermənistan xüsusilə Azərbaycan və İran sərhəddində baş verən gərginliyi daha da şiddətləndirməkdə maraqlıdır. Bu məqsədlə hər iki ölkə arasında silahlı insident xəbərlərini tirajlamaqla vəziyyəti daha da qəlizləşdirməyə və bəlkə də, həqiqi toqquşmaya nail olmağı hədəfləyir.
Araz Əliyev, Bizim.Media