Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Adil Əliyev açılış nitqində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı barədə məlumat verib.
Ötən sessiyalarda gənclərlə, idmançılarla, habelə şəhid ailələrinin üzvlərilə, qazilərlə, Vətən müharibəsində iştirak etmiş digər insanlarla bir sıra görüşlər keçirildiyi diqqətə çatdırılıb.
Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim edilib.
Adil Əliyev bildirib ki, komitənin 2021-ci il payız sessiyasında bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq.
Qeyd edək ki, onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər.
Bizim.Media