Prezident Mikayıl Abdullayevlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident Mikayıl Abdullayevlə bağlı SƏRƏNCAM İMZALADI

Hazırda oxunan: Prezident Mikayıl Abdullayevlə bağlı SƏRƏNCAM İMZALADI

36381

Prezident İlham Əliyev Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:

"2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır.

Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur.
 

Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin "Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır.


Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir.

Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO