Azərbaycan ordusu onların da qisasını aldı: “Ballıqaya faciəsi”ndən 29 il ötür… - FOTO

Azərbaycan ordusu onların da qisasını aldı: “Ballıqaya faciəsi”ndən 29 il ötür… - FOTO

Hazırda oxunan: Azərbaycan ordusu onların da qisasını aldı: “Ballıqaya faciəsi”ndən 29 il ötür… - FOTO

34559

Bu gün Azərbaycan xalqının heç zaman unutmayacağı günlərdən biri, qan yaddaşımıza çevrilən “Ballıqaya faciəsi”nin 29-cu ildönümüdür.

Bizim.Media xəbər verir ki, 1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdılar.

1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi.

18 may 1992-ci il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.
 

Tarixdə “Ballıqaya qətliamı” kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir.


Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

“Ballıqaya qətliamı”nın canlı şahidi Şəhla Quliyeva müsahibələrindən birində göz yaşları içində faciəni xatırlayaraq deyir ki, səhər saat beş radələrində ermənilər işıqlandırıcı fişənglərdən istifadə edərək hücuma başlayıblar. Çadırlarda məskunlaşan dinc əhali gülləbaran edilib. Erməni quldurları tərəfindən Şəhla Quliyevanın qayınanasına 88 güllə vurulub. Onun baldızları olan Kəmalə və Zeynəb isə həmin vaxt ermənilərin buna qədər Başqışlaqda törətdiyi vəhşilikləri yada salaraq, dəhşət içində eyni şeyləri yaşamaqdansa, ölməyin daha yaxşı olduğunu bildiriblər.

Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edib.

Belə ki, qətliamda altı uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə, qətlə yetirilən 24 nəfərdən altısı yaşlı şəxslər olub. Onlardan ən böyüyü Vəliyeva Zeynəb Hüseyn qızı 93 yaşında olub. Ümumilikdə Ballıqayada qətlə yetirilmiş 11 kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın olub.
 

Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yanıb.


Bundan əlavə qətliam zamanı 9 nəfər – Məhərrəmov Yaqub Cəmil oğlu, Məhərrəmova Xoşbəxt Kamil qızı, Məhərrəmova Südabə Cəmil qızı, Muradova Xuraman Məhəmməd qızı, Quliyeva Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyev Elxan Rəhbər oğlu, Mehdiyev Məhəmməd Rəhbər oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı ağır bədən xəsarəti alıb.

Uzunmüddətli müalicə prosesinə baxmayaraq, onlardan bir çoxunun sağlamlığını bərpa etmək mümkün olmayıb. Hadisə nəticəsində yaralanmış üç azyaşlı uşaq hər iki valideynini itirib.

Azərbaycan xalqı nə “Ballıqaya faciəsi”inin qurbanlarını, nə Xocalını, nə Qaradağlını, nə Ağdabanı, nə Başlıbeli, nə də törədilmiş digər cinayətləri unudacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO