“Mirəhməd xanın məzarı dövlət qeydiyyatında deyil, onun inventar nömrəsi yoxdur”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya açıqlamasında belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəran sarayını tikdirən xanın həyatı və baxımsız məzarı - FOTOFAKT
Söhbət isə Lənkəran xanlarının şəcərəsindən olan, Lənkəran Xan Sarayını inşa etdirən Mirəhməd Xan Talışinskinin məzarının baxımsız vəziyyətdə qalmasından gedir.
Qeyd edək ki, Bizim.Media məsələni aktualaşdırıb. Mirəhməd Xanın baxımsız məzarının fotoları saytımızda dərc olunub.
1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikilən bənzərsiz binada isə hazırda Lənkəran şəhəri Tarix Diyarşünaslıq muzeyi yerləşir.
Bəs, Mirəhməd xanın özünün məzarı niyə baxımsız vəziyyətdədir?
Dövlət Xidmətinin sözçüsü Fariz Hüseynli deyib ki, belə adi qəbiristanlıqlar mədəni abidə kimi qeydə alınmır.
Bu cavabdan sonra fikirləşdik ki, Lənkəran üçün gözəl bir bina bəxş edən Xanın məzarına heç olmasa rayon icra hakimiyyəti doğma münasibət bəsləyə bilər.
Amma Lənkəran Rayon İcra Hakimiyyəti də bizi məyus etdi:
“Qəbiristanlıqların mühafizə edilməsi, abadlaşdırılması yerli İcra hakimiyyətinin səlahiyyətləri daxilində deyil. Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına əsasən, Lənkəran rayonunun inzibati ərazisində olan bütün qəbirisanlıqlar normativ hüquqi akta əsasən yerli bələdiyyələrin balansına verilib. Lənkəran şəhərində Mirəhməd Xan Talışinskinin dəfn olunduğu qəbirisanlıq da hazırda Lənkəran bələdiyyəsinin balansındadır”.
Lənkəran Şəhər Bələdiyyəsinin sədri Aygün Mirzəyeva ilə də əlaqə saxladıq:
“Bu məzar şəhərdə Böyük Bazar qəbiristanlığında yerləşir. Həmin məzarı ziyarət etmişəm. Yenidən vəziyyəti ilə maraqlanacam.
Doğrudur, qəbiristanlıq bizim balansımıza verilib, amma bizə heç bir vəsait ayrılmayıb. Bələdiyyə olaraq bizim vəziyyətimiz isə pisdir. Adi əmək haqlarımızı da ala bilmirik. Amma bununla belə yenə də maraqlanacam, mümkün qədər öz imkanlarımız daxilində nəsə edəcəm”.
Xatirə Nəsirli, Bizim.Media