Bir aydan çoxdur ki, Bərdə və Tərtər icra hakimiyyətlərinin faydalı qazıntılar sahəsindəki özbaşınalıqlarından yazırıq. Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçaydan qeyri-qanuni yollarla qum-çınqıl istehsal olunduğunu və milyonlarla manat sərvət əldə edildiyini qeyd etmişik. Üstəlik bu işlərin nəzarətedici qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin gözü qarşısında baş verdiyini bildirmişik. Amma nə qanunsuz qum daşınması biznesinin qarşısını alan, nə də ekaloji terrora “dur” deyən tapılır.
Məsələni bir neçə dəfə gündəmə gətirsək də, qeyri-qanuni həyata keçirilən iş gizli vaxtlarda davam etdirilir.
Əslində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları prosesə bir dəfə müdaxilə etdikdən sonra qanunsuz fəaliyyətə bir qədər ara verilmişdi.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Agentliyi Tərtər və Bərdə icra hakimiyyətləri ilə BACARMIR – ŞOK GÖRÜNTÜLƏR
Amma müəyyən fasilədən sonra qeyri-qanuni qum-çınqıl istehsalına yenidən başlanılıb. Tərtərçayda qum daşınmasına cəlb olunan texnika və qurğular fəaliyyətini gecələr davam etdirir. Üstəlik “Azərişıq” ASC-nin regional idarələri 13 qum üyüdən qurğunun (drabilka) çalışması üçün elektrik enerjisi təminatına şərait yaradır. Qaranlıqda qum istehsalının çətinliyinə baxmayaraq qeyri-qanuni fəaliyyət dayanmaq bilmir.
Maraqlıdır ki, nə prosesə birdəfəlik müdaxilə edənlər tapılır, nə də qanunsuz fəaliyyəti həyata keçirənlər cəzalandırılır.
Sual doğuran məqam isə bir neçə dövlət qurumlarının iştirakı ilə davam edən qanunsuz fəaliyyətə və ekoloji terrora nəzarətedici qurumla yanaşı yerli hüquq-mühafizə orqanlarının da göz yummasıdır.
Yerli hüquq mühafizə orqanları faktın üstünə niyə düşmür və qanunsuz fəaliyyəti araşdırmır? Yer təkindən istifadənin qanuni və qanunsuz olduğu barədə ictimaiyyətə doğru-dürüst məlumat niyə verilmir? İstehsalla bağlı icazə sənədi nədən gizli saxlanılır?
Bizim.Media-nın 1 aydan çoxdur qaldırdığı məsələyə hələ də yekdil mövqe sərgiləyən qurum yoxdur...
Məsələ ilə bağlı bu dəfə də Bərdə və Tərtər icra hakimiyyətlərindən mövqe ala bilmədik. Bərdə Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya növbəti sorğumuza sadəcə səssizlik nümayiş etdirib. Tərtər Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Murad Səfərov isə telefon zənglərimizə cavab verməyib.
Qanunsuz fəaliyyətdə “Azərişıq” ASC-nin regional idarələrinin iştirakına gəlincə, qurumun mətbuat katibi Vaqif Aydınoğlu saytımıza açıqlamasında regional idarələrlə məsələni aydınlaşdırdığını bildirib.
O, deyib ki, hazırda Tərtərçayda çalışan qum üyüdən qurğularının icazə sənədi olduğundan onlara sayğac quraşdırılması da müvafiq sənədlə həyata keçirilib:
“Hamısının texniki şərtləri və sənədləri yerindədir. Ona görə də onlara qanunauyğun olaraq işıq və sayğac verilib. Qanuni olmayana sayğac verilə bilməz”, deyə qurum rəsmisi əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Agentlik Tərtər və Bərdə icra hakimiyyətləri ilə İŞBİRLİYİNDƏDİR? – Ekoloji terror BÖYÜYÜR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini İsrail Əfəndiyev isə Bizim.Media-ya deyib ki, təmsil etdikləri qurumun İdarə heyətinin müvafiq qərarları ilə Tərtərçay qum-çınqıl yatağında keçirilmiş monitorinqlərin nəticələrinə əsasən “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən sahibkarların yerin təkindən istifadə hüququ dayandırılıb və tədbir görülməsi üçün məhkəmədə iddia qaldırılıb:
“Agentlik tərəfindən karxanaların fəaliyyətinin dayandırılması barədə qəbul olunmuş qərar müvafiq rayon İcra Hakimiyyəti orqanlarına və sahibkarlara göndərilib. Eyni zamanda əraziyə nəzarətin daha da gücləndirilməsi üçün tərəfimizdən rayon İcra Hakimiyyətinə müraciət olunub”.
Xatırladaq ki, ümumilikdə bu işə 9-u Tərtərdə, 4-ü Bərdədə olmaqla 13 “drabilka” cəlb olunub.
Hər qum üyüdən qurğu gündəlik minimum 400 kub qum və çınqıl çıxarır. Hər kubunu 7 manatdan hesablasaq, yerin təkindən ayda 1 milyondan çox qeyri qanuni gəlir əldə edilir. Bundan əlavə dərinliklə bağlı normativ pozulub. Faciə odur ki, qazıntı işlərinə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi icazə verməli halda, yerli icra hakimiyyətləri heç kimə məhəl qoymadan və icazə sənədi almadan sahibkarlarla birgə bu işi görüblər. Qanunu pozan yerli strukturlar isə həm də bu hərəkətləri ilə ölkə başçısının müvafiq sərəncamı ilə yaradılan Agentliyin fəaliyyətinə qarşı çxırlar.
Çünki qanunvericiliyə görə yeraltındakı ehtiyata icra hakimiyyətləri sərəncam verə bilməz.
Yerin təkindən istifadə etmək hüququ qazanmaq istəyən hər bir şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etməklə hərraclarda iştirak edə bilərlər.
Alçina Amilqızı, Bizim.Media