Xəbər verdiyimiz kimi, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Tramp Avropa liderləri ilə görüşü yarımçıq SAXLADI: “Putinə zəng etməliyəm”
Bizim.Media TASS-a istinadən xəbər verir ki, telefon danışığının detallarını Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, söhbət təxminən 40 dəqiqə davam edib və “səmimi, konstruktiv xarakter” daşıyıb.
Danışıqlarda ABŞ prezidenti Tramp həmkarı Putinə Ukrayna prezidenti Volodimir Zelenski və Avropanın bir sıra ölkələrinin liderləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Putin Trampın Ukrayna münaqişəsinin uzunmüddətli həlli yollarının axtarışında göstərdiyi şəxsi səylərin önəmini vurğulayıb. Həmçinin Alyaskada keçirilən ABŞ–Rusiya görüşü də müzakirə olunub. Rusiya lideri Amerika tərəfinə göstərilən qonaqpərvərlik və görüşün təşkilinə görə təşəkkür edib, əldə olunan irəliləyişləri yüksək qiymətləndirib.
Telefon danışığının yekununda Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, nümayəndə heyətlərinin səviyyəsinin artırılması imkanının nəzərdən keçirilməsinin məqsədəuyğun ola biləcəyi qeyd edilib.
Hər iki lider Ukrayna məsələsi də daxil olmaqla beynəlxalq və ikitərəfli gündəlikdəki aktual mövzular üzrə sıx təmasları davam etdirmək barədə razılığa gəlib.
Bizim.Media