“Şimal-Cənub” Nəqliyyat Dəhlizi ölkəmizin valyuta daxilolmalarının və dövlət gəlirlərinin yüksəlməsinə xidmət edəcək ki, nəticə etibarilə bu da qeyri-neft sektorunun inkişafında xüsusi paya malik olan layihə anlamına gəlir”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ötən ay Avropa İttifaqı ölkələri ilə ixrac-idxalı nə qədər olub?
Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region üçün vacib layihələrdən hesab olunur:
“Nəzərə alsaq ki, Azərbaycan sözügedən layihənin reallaşmasına xüsusi töhfə verən ölkələrdəndir. Bu baxımdan söhbət Şimaldan Hindistana qədər uzanan nəqliyyat dəhlizinin reallaşmasından gedir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi istifadəyə verilib və Finlandiyadan yola düşən yük artıq Azərbaycan ərazisi vasitəsilə İran, daha sonra Hindistana qədər daşınacaq. Xüsusən də, Suveyş kanalında baş verən qəzadan sonra “Şimal-Cənub” Dəhlizinə marağın artması müşahidə olunub. Təkcə region ölkələri deyil, inkişaf etmiş dövlətlər də sözügedən dəhlizə xüsusi maraq və diqqət nümayiş etdirirlər ki, bu da həmin nəqliyyat vasitəsilə daşınan yüklərin həcminin artacağından xəbər verir”.
Deputat qeyd olunan dəhlizin strateji mövqeyimizin möhkəmlənməsi baxımından da vacib olduğunu vurğulayıb:
“Dəhliz Şimalla Hindistana uzanan coğrafiya ilə yanaşı, həm də Rusiya və İran arasında qurulan nəqliyyat əlaqəsi deməkdir. Moskvadan Tehrana qədər qatar Azərbaycan vasitəsilə hərəkət edəcək ki, bu da ölkəmizin strateji mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərəcək. Ən əsası sözügedən dəhliz Azərbaycanın dövlət gəlirlərini artıracaq. Xüsusilə qeyri-neft sektoruna daxilolmalarda artımlar müşahidə ediləcək. Onu da əlavə edim ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar olacaq. Bu da Azərbaycanın dövlət gəlirlərinin artması üçün yeni imkanlar deməkdir”.
Qeyd edək ki, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı ölkəmizin ərazisinə çatıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı Astara (Azərbaycan) - Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır.
Alçina Amilqızı, Bizim.Media