Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Enerji bazarları yola saldığımız həftə hansısa ciddi təsirlərə məruz qalmadılar. Baxmayaraq ki, dünyada hərbi-siyasi gərginlik kifayət qədər yüksək həddədir. Belə hal ona dəlalət edir ki, tələblə təklif tarazlığı müəyyən mənada qorunur.
Qlobal bazarlar. Cari həftənin əvvəli Brent markalı neftin 1 bareli London Əmtəə Birjasında 69,15 dollar qiyməti ilə ticarət edilməyə başladı. Həftənin cümə günü hərraclar bağlanarkən qiymət 69,26 dollar təşkil edirdi. Baxmayaraq ki, həftə sonuna doğru neft qiymətləri bir neçə dəfə 70 dollar həddini keçməyə müvəffəq oldu.
MÖVZU İLƏ BAĞLI:
Neft UCUZLAŞIR – Büdcədə yenidən dəyişiklik EDİLƏCƏK?
Bu da geosiyasi vəziyyətin təzahürlərindən irəli gəlirdi, belə ki, cümə axşamı İraq Kürdüstanındakı bir neçə yataq dron hücumlarına məruz qaldı və belə hal bazar iştirakçıları tərəfindən narahatçılıqla qarşılandı. Başqa bir tərəfdən son günlər Suriyada stabilliyin pozulması və yenidən ölkənin etnik zəmində xaosa yuvarlanması, həmçinin İsrailin hərbi aktivlik nümayişi ümumilikdə Yaxın Şərqin stabillikdən hələ xeyli uzaq olmasının göstəricisidir.
Həmçinin iyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı yeni, 18-ci sanksiya paketini təsdiqləyib, neftin qiymət tavanının dəyişdirilməsi üçün avtomatik mexanizmin tətbiq olunduğunu elan edib. Bununla da Aİ Rusiyadan alınacaq neftin maksimum qiymətinin hər barel üçün 60 dollarından 47,6 dollarına qədər endirib.
Bu addım Rusiyanın neftdən əldə etdiyi qazancları daha da azaltmaq məqsədi daşıyır.
Qaz tiymətlərinə gəlincə, Avropa bazarlarında həftə ərzində mavi yanacaq qiymətlərinin 400 dollar həddinədək ucuzlaşmasını müşahidə etdik. Belə ki, əgər həftə əvvəli Niderlandın TTF qovşağında təhvil verilməklə satılan qazın 1000 kubmetrinin qiyməti 439 dollar yəşkil etmişdisə, artıq iyulun 18-də bu göstərici 402 dollara qədər ucuzlaşmışdı.
Buna səbəb isə Norveçdən kontinental Avropaya qaz tədarükünün artımı və külək enerjisindən alınan elektrik həcmlərinin çoxalması idi. Həmçinin qaz qiymətlərinin ucuzlaşmasına iyulun əvvəlindən Avropada müşahidə edilən qızmar istilərin nisbətən mülayimləşməsi də təsir göstərmişdi.
SOCAR-ın reytinqi yüksəlir. Bu həftə “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “Baa3” (sabit) dərəcəsinə yüksəltməsi şirkətə təkcə risksevər (risk-seeking) deyil, həm də riskə meyilli olmayan (risk-averse) investorları cəlb etməsinə imkan yaradacaq.
“Moody’s” qeyd edib ki, SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir:
“Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir”.
SOCAR-ın açıqladığı məlumata görə, “Moody’s”-in verdiyi bu qərar SOCAR-ın investisiya oluna bilən dərəcədə olan reytinq statusunu təsdiqləməsinə, həm yerli, həm də beynəlxalq kapital bazarlarında istiqraz emissiyaları zamanı daha çox potensial sərmayədarları cəlb etməklə likvidliyə çıxışı yaxşılaşdırmasına, qiymətli kağızların buraxılışı zamanı müqayisədə daha aşağı faiz ilə yerləşdirməsinə, daha aşağı faizlə yerləşdirmə imkanının gələcək buraxılışlar üçün istinad nöqtəsi olmasına imkan yaradacaq.
Qeyd edək, “Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı “Baa3” reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir.
Ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan “BBB-“ (sabit) reytinqi verib.
“BP-Azərbaycan”ın yeni müqavilələri. Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan “SOCAR-KBR” MMC “BP-Azərbaycan” şirkəti ilə yeni layihələr üzrə iki müqavilə imzalayıb.
“Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” (SDC) platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, - deyə KBR-in məlumatında bildirilir.
Qeyd edək ki, müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək. “Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, - məlumatda qeyd olunub.
SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.
Bundan bir qədər öncə BP, SOCAR və “Səngəçal” neft-qaz terminalının digər investorları onun elektrikləşdirilməsi layihəsini təsdiqləyiblər. Layihə terminalın "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün həm terminalın ərazisində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV elektrik yarımstansiyası inşa ediləcək.
Gözlənilir ki, bu layihələrin həyata keçirilməsi Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan yaradılacaq.
Terminalda hazırda elektrik enerji istehsalı üçün 7 qaz turbinindən istifadə edilir ki, elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və istifadə olunmayan yanacaq qaz həcmləri ixraca yönəldiləcək.
BP şirkətinin həyata keçirəcəyi və idarə edəcəyi 230 milyon dollarlıq STEL layihəsi üçün isə tikinti işlərinin bu il başlanması planlaşdırılır və I mərhələnin 2027-ci ilin ortalarında, II mərhələnin isə 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
“Şahdəniz”yatağının işlənməsi layihəsinin səhmdarları SDC kompressor platformasının tikintisi üzrə 2025-ci il iyunun 4-də Bakıda yekun investisiya qərarını imzalayıblar. 2,9 milyard dollar dəyərində SDC layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihənin məqsədi yataqda aşağı təzyiqli qaz ehtiyatlarının əlçatanlığını və onların hasilatını təmin etməkdir.
Bu da yatağın maksimum qaz hasilatına nail olmağa imkan verəcək. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək.
Yeni platformanın tikintisinin 2025-ci ildə başlanması planlaşdırılır. BP SDC platformasını 2029-cu ildə istismara verməyi nəzərdə tutur.
Neft Fondu İtaliyada yeni layihəyə qoşulur. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi layihələrinə sərmayə yatırmağa qərar verib və “Enfinity” şirkəti ilə tərəfdaşlıq çərçivəsində 49 %-lik pay alır.
Artıq ABŞ-ın “Enfinity Global Inc.” şirkətinin İtaliyadakı günəş enerjisi aktivlərində pay əldə etmək barədə razılıq əldə edib.
Sövdələşməyə əsasən, ARDNF “Enfinity”yə məxsus ümumilikdə 402 meqavat gücündə olan portfelin 49 %-ni alacaq. Bu portfelə İtaliyanın Latsio və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası daxildir. Layihələrin bir hissəsi artıq istismardadır, digərləri isə inşa mərhələsindədir. Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. Nəzarət payı isə “Enfinity” şirkətində qalacaq.
Bununla bağlı ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov bildirib ki, bu sövdələşmə Fondun İtaliyada və Avropada bərpa olunan enerji sahəsində mövcudluğunu genişləndirmək üçün atdığı ilk addımdır.
Xatırladım ki, hazırda ARDNF-ın ümumi investisiya portfeli 60 milyard ABŞ dollarına yaxındır və infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivləri əhatə edir.
“Yaşıl enerji” layihələri üzrə müqavilələr. Bu həftə Çinin “JA Solar” şirkəti Azərbaycanda iki günəş elektrik stansiyası (GES) üçün 1 GVt gücündə yüksək səmərəli "DeepBlue 4.0 Pro" fotoelektrik modullarının təchizatı haqqında saziş imzalamasını təsdiq edib.
Çin şirkətinin məlumatında bildirilir ki, söhbət Neftçala və Biləsuvar rayonlarında tikiləcək yeni elektrik stansiyalarından gedir. Bu layihələr Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçirilir.
“JA Solar” şirkəti qeyd edir ki, yeni GES-lər Azərbaycanın enerji balansının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinə sürətli keçid strategiyasının həyata keçirilməsində mühüm mərhələ olacaq.
Qeyd edək ki, 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyasının və 315 MVt gücündə “Neftçala” elektrik stansiyasının işə salınması gələn ilə nəzərdə tutulub.
2024-cü ilin iyun ayında “Masdar” və SOCAR Azərbaycanda ümumi gücü 1 GVt olan günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.
Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.
Bizim.Media