RT telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsd işi üzrə yeni təfərrüatlar məlum olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, istintaqa görə, bu işdə şübhəli bilinənlərdən biri orta məktəb şagirdidir və hadisə baş verən zaman 8-ci sinifdə oxuyurmuş.
Məhkəmə sənədlərində qeyd olunur ki, yeniyetmə əvvəllər məhkum edilməyib və barəsində müəyyən hərəkətləri yasaqlayan qətimkan tədbiri seçilib. O, Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi – terror təşkilatında iştirak, soyğunçuluq və xuliqanlıq üzrə ittiham olunur.
2023-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simonyan və Sobçaka qarşı sui-qəsd cəhdinin qarşısını aldıqlarını bildirmişdi. Onların saxladığı şəxslərin üzərindən patronla dolu Kalashnikov avtomatları, bıçaqlar, rezin dəyənəklər, qandal və kastetlər, eləcə də nasist simvolları aşkar edilmişdi. Saxlanılan şəxslər hər bir qətl üçün 1,5 milyon rubl vəd edildiyini etiraf etmişdilər.
Qeyd etmək lazımdır ki, Marqarita Simonyan da, Kseniya Sobçak da Azərbaycana qarşı sərt və qərəzli mövqeləri ilə tanınırlar. Simonyan dəfələrlə Ermənistanın informasiya maraqlarını müdafiə edən çıxışlar etmiş, Qarabağla bağlı Rusiya ictimai rəyində Azərbaycan əleyhinə fikir formalaşdırmağa çalışmışdır. Eyni zamanda Sobçak da sosial şəbəkələrdə və yayımlarında Azərbaycana qarşı təhrif olunmuş və birtərəfli yanaşmalar sərgiləmiş, müharibə dövründə Ermənistan tərəfini açıq şəkildə müdafiə etmişdir.
Bizim.Media