Hər il ADA universitetində keçirilən Beynəlxalq Festival bir il fasilədən sonra yenidən öz rəngarəng proqramı ilə təşkil olunub. Keçən il pandemiya səbəbilə keçirilməsi təxirə salınan festival bu il öz işinə qaldığı yerdən davam edib. Karantin qaydalarına uyğun olaraq, tədbir ADA-nın kampusunda, açıq hava şəritində keçirilib.
9-cu Beynəlxalq festivalda ölkəmizdə fəaliyyət göstərən 10 diplomatik korpusun nümayəndələri və ADA universitetinin yerli və xarici tələbələri iştirak edirdi.
3 gün davam edəcək tədbirdə hər gün 10-11 səfirlik iştirak edəcək. 3 hissədən ibarət olan festival tələbə və izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
MÖVZU İLƏ BAĞLI:
ADA Universitetinin dəstəyi ilə yeni LAYİHƏ - “The Ecologist” Novxanı çimərliklərinə üz tutdu - VİDEO
Universitetin prorektoru Fariz İsmayılzadə tədbir haqqında məlumat verərək bildirib ki, festivalın əsas məqsədi mədəniyyətlər arası komunikasiyanı artırmaq, müxtəlif ölkələrin mədəniyyətlərini, mətbəxlərini nümayiş etdirmək və tələbələrə bunu təşviq etməkdir.
Bundan başqa festival pandemiyadan sonra tələbələrin sosiallaşması məqsədi də güdür. Daha sonra öz nitqləri ilə çıxış edən Argentina, Almaniya, Əfqanıstan və qardaş Türkiyə dövlətinin səfirləri proqramı daha da maraqlı edib. Diplomatlar öz çıxışlarında Azərbaycanın multikultral dəyərlərə böyük ehtiramla yanaşan dövlət olduğu bir daha vurğulanıb.
Rəsmi hissədən sonra iştirakçı ölkələrin atributlarını, mətbəxini, tarixinin, adət-ənənələrini özündə ehtiva edən güşələrlə tanışlıq oldu.
Burada Əfqanıstan, İordaniya, Səudiyyə Ərəbistan, Litva, Rusiya, Türkiyə, Almaniya, Argentinə və digər ölkələrin stendləri quraşdırılıb.
Burada hər ölkənin özünə xas olan milli geyimləri, mədəniyyət və tarix kitabları barədə hər qonağa ayrı-ayrılıqda maraqlı məlumatlar verildi.
Daha sonra stolun üzərinə düzülən təamların tərkibindən başlayaraq, onların hazırlanma qaydalarını izah edən nümayəndələr sonda qonaqlara bu şirniyyat və yeməklərin dadına baxmağı da təklif edilib. Bundan əlavə onlar tədbir iştirakçılarına guşələrdə yer alan ölkələrin atributlarını və digər əşyaları hədiyyə verilib.
Qardaş Türkiyənin çiy və içli köftesi tədbirin ən bəyənilən təamları olub. Bir də üzərindən yeyilən püstəli türk paxlavası isə ağızları dada gətirib, könülləri xoş edirdi.
Argentinaya məxsus guşədə argentinalı xanım bizə bişmiş qatılaşdırılmış süddən hazırlanmış şiniyyatın bir növ bizim şəkərburaya bənzədiyini deyir. O, südlə hazırlanan bu şirniyyatın həqiqətəndə çox ləziz olduğunu bildirərək mənə mütləq onun dadına baxmağı tövsiyyə edir.
Bundan sonra o mənə argentinalıların vazkeçə bilmədikləri ənənəvi çayını da təklif edir. Çay isə öyrəşdiyimiz yaşıl çayın dadını xatırladır.
Maraq üçün bütün ölkələrin stendləri gəzib, ölkələr haqqında maraqlı bilgilərə sahiblənirik. Səudiyyə Ərəbistanının diplomatik nümayəndələri isə şəxsən özləri bizə ölkələrindən yetişən Məkkə xurmasını hədiyyə edib, ərəb qəhvəsinin dadmağı tövsiyyə ediblər.
Türkiyə Respublikasının səfiri Cahit Bağcı isə Bizim.Media-ya açıqlamasında tədbirin mühüm bir addım kimi qiymətləndirib:
“Bu tədbir vasitəsilə tələbələr ölkələr barədə daha da dərin biliklərə sahib olurlar. Onlar müxtəlif ölkələrin mədəniyyətləri, adət-ənənələri və mətbəxləri barədə müxtəlif məlumatlarla öz bilik bazalarını daha da zənginləşdirirlər. Biz də Türkiyə olaraq öz stendimizlə tələbələrin qulluğundayıq. Tələbələr burada Türkiyənin tarixi, mədəniyyəti və turizm potensiallarını, iş imkanları haqqında bütün məlumatları əldə edə bilərlər”.
Səfir həmçinin bu cür tədbirlərin iki ölkə arasında olan əlaqələrin daha da genişlənməsinə şərait yaratdığını deyib.
“Bir az əvvəl səfirlərlə görüşdük, bu tədbirin sadəcə, Türkiyə və Azərbaycan arasındakı deyil, digər ölkələrlə də əlaqələrin daha da genişlənməsinə xidmət edir. ADA universitetini bu cür tədbirlərə ev sahibliyi etdikləri üçün təşəkkür edirəm”.
Festivalda bir maraqlı məqam da tədbirdə iştirak edən səfirlərin bütün qonaqlara göstərdikləri xoş, səmimi davranışları olub. Onlar qonaqların hər birinin təkliflərini xoş qarşılayıb, onları maraqlandıran suallara cavab verməsi, tədbirin abu-havasına daha da səmimi təəssürat qatıb.
Festival qarşıdakı günlərdə işini davam etdirəcək.
Vüsalə Balayeva, Bizim.Media