Ermənistan tərəfindən Azərbaycana verilmiş Ağdamın minalanmış ərazilərinin xəritələrinin yanlış olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Qeyri-dəqiq informasiya yayanlarının bəziləri iddia edir ki, İrəvanın Bakıya təqdim etdiyi xəritələrin 50 faizi səhvdir. Digərlərinin fikrincə isə, mina xəritələrinin yalnız 20-30 faizi düzgündür. Rəqəmlər xaric, xəritələrdə yanlışlıqların olmasını Müdafiə Nazirliyi də istisna etməyib.
Bəs yalnış xəritələr fonunda Azərbaycan hansı addımları ata bilər?
“Xəritələrin əldə edilməsi yaxın günlərdə baş verib və hazırda bu xəritələrin Müdafiə Nazirliyinin mühəndis xidməti tərəfindən dəqiqləşdirilməsi, ərazi ilə uyğun olaraq həmin sektorlarda minaların olub-olmaması məsələsi dəqiqləşdirilir.
Hazırda proses aktiv fazadadır” deyən, hərbi ekspert Ədalət Verdiyev əlavə etdi ki, mina xəritələrinin faiz nisbətilə uyğunluğu barədə fikirlər səsləndirmək bir qədər erkəndir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təqdim etdiyi mina xəritələri standartlara cavab vermir? – VİDEO
Bizim.Media-ya açıqlamasında hərbi ekspert onu da qeyd etdi ki, bu proseslərə təxminən 10 gün tələb olunacaq:
“Yəni, bu, bir günün içində veriləcək bir qiymətləndirmə deyil. Təbii ki, bu xəritələrdə müəyyən yayınmalar, qeyri-dəqiqliklər ola bilər. Çünki bilirik ki, minalar 90-cı ildə basdırılıb. Bu xəritəni basdıran heyət Ermənistanın yüksək rütbəli zabitləri deyildi. Bir çoxlarının xəritə ilə işləmək imkanları məhdud idi.
Yalnız 2005-ci ildən sonra GPS və digər sistemlərin çıxması xəritələrin olduğu nöqtələri çox kiçik yayınma ilə təyin etməyə imkan verirdi. Ona görə də, prosesləri tələsdirməyə dəyməz. Hazırda qiymətləndirmə gedir.
Düşünürəm ki, yaxın günlərdə bu barədə Müdafiə Nazirliyi açıqlama verəcək. Ermənistan tərəfinin qeyri-dəqiq xəritələri bilərəkdən Azərbaycana verməsi ehtimalını yüksək hesab etmirəm. Onlar da yaxşı bilir ki, bu xəritələri yoxlamaq və dəqiq olmadığını isbatlamaq problem deyil. Bundan ötrü biz hətta beynəlxalq minatəmizləmə təşkilatlarını da dəvət edib ərazini bu xəritələrlə onlara təqdim edərək ictimai rəy formalaşdıra bilərik. Gözləmək lazımdır. Yaxın günlərdə rəsmi məlumatlar olacaq”
Anar Rəhimov, Bizim.Media