“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi

“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi

Hazırda oxunan: “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi

255184

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib. Milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində Parisdə keçirilən beynəlxalq “Paris Air Show” aviasalonu çərçivəsində baş tutub. Tədbirdə dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri və aviasiya sənayesinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
 

“Skytrax” kimi beynəlxalq nüfuza malik təşkilat tərəfindən yenidən təltif olunmaq bizim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur AZAL-ın regionda etibarlı aviaşirkət kimi mövqeyini daha da möhkəmləndirdiyini və beynəlxalq səviyyədə tanındığını bir daha təsdiqləyir. Biz sərnişinlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim etmək öhdəliyimizi daim qoruyub saxlayırıq,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.


1999-cu ildə təsis olunan “Skytrax” mükafatı sərnişinlər arasında keçirilən genişmiqyaslı beynəlxalq sorğular əsasında təqdim olunur. Təşkilatın “World Airline and Airport Star Rating” proqramı çərçivəsində aviaşirkətlər və hava limanları xidmət və məhsul keyfiyyətinə görə qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO