“Lerik rayonunda 17 kənd dövlət meşə fondu torpaqlarında yerləşir. Bu torpaqların ümumi sahəsi 477 ha təşkil edir. Keçən əsrin 90-cı illərində bu torpaqlar dövlət meşə fonduna daxil edilib. Bu ərazilərdə uzun illərdir ki, əhali məskunlaşıb, yaşayış evləri tikib, meşə ilə ötrülü olmayan sahələrdə əkin işləri aparıb. Bir əsrdən çoxdur ki, həmin torpaqlar əhali tərəfindən əkin, biçənək və örüş sahəsi kimi istifadə olunur”.
Bizim.Media xəbər veri ki, bunu deputat Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, indi həmin kəndlərdə yaşayan vətəndaşlar özlərinə yeni ev tikə bilmirlər və 50-60 il əvvəl tikdikləri evlərinə də çıxarış ala bilmirlər:
“Vətəndaş yüz il bundan əvvəl babası tərəfindən tikilmiş köhnə evi sökür, onun yerində yeni ev tikmək istəyir. Bu zaman dövlət qurumları gəlirlər ki, bu torpaq meşə fonduna daxildir, burada tikinti aparmaq olmaz. Bu da əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı müvafiq qurumlara tapşırıq verilsə də, bu günə kimi bu məsələ öz həllini tapmayıb.
Bundan əlavə, torpaq islahatının aparılmasına dair tərtib olunmuş yerquruluşu layihələrində əksini tapan, eyni zamanda meşəquruluşu sxemlərində dövlət meşə fondu kimi göstərilən 250 hektar torpaq sahəsi də Dövlət Aktları əsasında vətəndaşlara pay torpağı kimi verilib. Bu torpaqların da dövlət meşə fonduna geri qaytarılması mümkün hesab edilmir. Ümumilikdə 727 ha təşkil edən bu torpaqların təyinatının dəyişdirilməsi və onların başqa torpaqlarla əvəzləşdirilməsi vacibdir.
Bu torpaqların əvəzləşdirilməsi mümkün hesab olunan sahələr bələdiyyələr və ərazi icra nümayəndələri tərəfindən müəyyən edilib.
Rayonun 17 kəndində yaşayan əhalinin uzun müddət istifadəsində olan bu torpaqların əvəzləşmə qaydasında onların xüsusi mülkiyyətinə verilməsi ilə bağlı müvafiq torpaqayırma sənədləri hazırlanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Lakin illərdir ki, bu məsələ həll edilməmiş qalır. Bu məsələnin həll edilməsini xahiş edirəm” – deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media