28 May – Müstəqillik Günü münasibətilə Qusar rayonunda “Zirvəyə Doğru” adlı kütləvi qaçış yarışı təşkil olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası və digər qurumların təşkilatçılığı ilə həyata keçirilən tədbir həm sağlam həyat tərzinin təbliği, həm də milli birlik və xeyriyyəçilik ideyalarının təşviqinə xidmət edib.
Yarışmada iştirak üçün qeydiyyatdan keçmiş fərqli yaş qruplarından olan 700 nəfər arasından ən gənc iştirakçının 15, ən yaşlı iştirakçının 75 yaşında olması yarışın inklüziv, genişmiqyaslı, kütləvi xarakter daşıdığının göstəricisidir.
Yarışdan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunub.
Daha sonra idmançılara nömrələr paylanılaraq, yarışın texniki qaydaları, marşrut xətti, təhlükəsizlik tədbirləri və ümumi təşkilati məsələlərlə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə yarışın əsas mahiyyəti, iştirakçılar və təşkilatçı-sponsor qurumlar barədə məlumat verilib. Qeyd edilib ki, bu tədbir təkcə idman yarışı deyil, həm də sağlam həyat tərzinin təbliği, sosial həmrəylik və xeyriyyəçilik dəyərlərinin birləşdiyi mühüm bir ictimai platformadır.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon əhalisini, iştirakçıları və qonaqları salamlayaraq, belə genişmiqyaslı tədbirin Müstəqillik Günü kimi əlamətdar bir tarixdə keçirilməsini xüsusi olaraq vurğulayaraq, onun rəmzi və mənəvi əhəmiyyət daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas strateji prioritetlərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində ölkədə idman infrastrukturu sistemli şəkildə yenilənib, kütləvi idman hərəkatı gücləndirilib.
Rayon rəhbəri çıxışında xüsusilə qeyd edib ki, Qusar rayonunda da son illər idman sahəsində mühüm nailiyyətlər əldə olunub. Qusarın yetirməsi olan bir çox istedadlı idmançılar bu gün respublika və beynəlxalq səviyyəli turnirlərdə ölkəmizi və rayonumuzu yüksək səviyyədə təmsil edirlər.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına diqqət çəkən icra başçısı əməyi keçən bütün təşkilatçılara, sponsor qurumlara öz dərin minnətdarlığını ifadə edib.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov yarışın təşkilini yüksək qiymətləndirərək, bildirib ki, ölkə rəhbərliyi tərəfindən idman sahəsinə göstərilən xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan bu gün dünya idman məkanında nüfuzlu mövqeyə sahib ölkələrdən birinə çevrilib.
Nazir qeyd edib ki, “Zirvəyə Doğru” qaçış yarışı yalnız fiziki fəaliyyət və rəqabət platforması deyil, eyni zamanda Vətənə sevginin, birlik ruhunun və ictimai şüurun təzahürüdür. Çıxışının sonunda nazir yarışın təşkilində əməyi olan, dəstək göstərən bütün təşkilatçılara, sponsor qurumlara təşəkkür edərək, qeyd edib ki, Gənclər və İdman Nazirliyi olaraq, bu cür təşəbbüsləri daim dəstəkləməyə davam edəcəklər.
Milli Məclisin deputat Azər Badamov çıxışında bildirib ki, regionlarda bu cür tədbirlərin keçirilməsi ictimai fəallığın artırılması, sağlam həyat tərzinin təşviqi, milli birlik və həmrəylik dəyərlərinin təbliğinə xidmət edir. Bildirilib ki, bu yarışın xeyriyyə məqsədilə təşkil olunması onun ictimai və mənəvi dəyərini daha da artırır.
Tədbirin rəsmi hissəsinin tamamlanmasının ardından, iştirakçılar Qusar Rayon İcra Hakimiyyətinin inzibati binası önündən starta çıxıblar. İştirakçıların bir qismi ümumi yüksəklik toplusu 75 metr olan 11 km-lik məsafəni 3 dəfə, bir qismi isə ümumi yüksəklik toplusu 150 metr olan 22 km-lik məsafəni 6 dəfə dövr edərək, yarışmanı yekunlaşdırıblar.
“Zirvəyə Doğru” qaçış yarışının yekununda 22 km-lik məsafə üzrə kişi və qadınlar arasında, 11 km-lik məsafə üzrə kişi və qadınlar arasında I, II, III yerlərin sahibləri, yaş kateqoriyası üzrə 15-22 yaşlı kişilər və qadınlar, 40 yaş və üzəri kişi və qadınlar arasında I, II, III yerlərin qalibləri müəyənləşdirilib. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında konsert proqramı ilə davam etdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu