Emal olunmuş qidaların istehlakı insan orqanizmində qocalma prosesini sürətləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında terapevt həkim Vladimir Beketov məlumat verib.
Onun sözlərinə görə, təbii formasını itirmiş, vakumlanmış, duzlanmış və konservləşdirilmiş məhsulların istifadəsi qocalmanı sürətləndirir.
“Qida nə qədər kimyəvi və daha çox emal olunmuş haldadırsa, o qədər də öz ilkin, təbii formasından uzaqlaşır və bu da orqanizmin yaşlanmasına səbəb olur”, – deyə həkim bildirib.
Beketov əlavə edib ki, qocalmanı sürətləndirən digər mühüm amil xroniki stressdir:
“Əgər insan davamlı psixoemosional stressə məruz qalır, lakin bu streslərlə mübarizədə uyğun psixoloji üsullardan istifadə etmir və emosiyalarını lazımi şəkildə yönləndirmirsə, bu, onun daha tez qocalmasına səbəb olur”.
Terapevt bu səbəbdən kifayət qədər fiziki aktiv olmaqla yanaşı, ehtiyac olduqda psixoloqla da işləməyi və emosiyaların idarə edilməsini tövsiyə edib.
Mövzu ilə bağlı çıxış edən gerontoloq həkim Yuri Konev isə vurğulayıb ki, gənc qalmağın yeganə sübut olunmuş yolu sağlam həyat tərzidir. Onun sözlərinə görə, orqanizmin enerji ehtiyacları yaş artdıqca azalır, lakin insanlar keçmiş vərdişlərinə əsasən eyni miqdarda qida qəbul etməyə davam edirlər:
“Yaş artdıqca orqanizmin enerji tələbatı azalır. Amma bədən əvvəlki vərdişləri xatırlayaraq eyni qaydada yeməyə davam edir. Əsas məsələ budur ki, yaşla birgə qəbul edilən qidanın miqdarı da azaldılmalıdır”.
Gerontoloq əlavə edib ki, cəmiyyətdə “zərərli” hesab edilən bəzi məhsullar, məsələn, xolesterin tərkibli qidalar tamamilə rasiondan çıxarılmamalıdır:
“Xolesterin yaş artdıqca orqanizm üçün daha da vacib hala gəlir. Bu maddəyə olan ehtiyac daha da artır”, – deyə Konev bildirib.
Bizim.Media