Lavrovdan Ermənistana SON XƏBƏRDARLIQ – Paşinyanın xilas üçün bir çarəsi QALDI...

Lavrovdan Ermənistana SON XƏBƏRDARLIQ – Paşinyanın xilas üçün bir çarəsi QALDI...

Hazırda oxunan: Lavrovdan Ermənistana SON XƏBƏRDARLIQ – Paşinyanın xilas üçün bir çarəsi QALDI...

250750

Son dövrlərdə Rusiya-Ermənistan münasibətlərindəki soyuqluğun azaldığı müşahidə olunur.

Xüsusilə də, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri və verilən mesajlar İrəvanın yenidən Moskvanın orbitinə qayıtmaq niyətindən xəbər verir.

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Kremllə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib. Lavrov isə öz növbəsində qeyd edib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin olunmasına hər cür dəstək göstərməyə hazırdır:

Qeyd edək ki, Paşinyan hökuməti uzun müddət idi Rusiyadan inciyərək, qərbpərəst siyasət yürüdür. Hətta onlar KTMT-nin tədbirlərinə belə qatılmırdılar. Rusiya isə xeyli müddət İrəvanın addımlarına göz yummaqla məşğul idi. Amma indi Lavrovun İrəvan səfərindən verilən mesajlar göstərir ki, Kreml İrəvanla keçmiş inciklikləri unutmaq niyyətindədir.

Ermənistan Rusiyanın çətiri altına qayıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, Cənubi Qafqazda vəziyyət getdikcə durulmaqdadır:

“Əsas səbəbi isə budur ki, bölgəmizə müdaxilə edən, ermənilərlə azərbaycanlılar arasında nifaq salmaq istəyən Fransa indi özü ağır durumdadır. Avropa İttifaqının özü hazırda tənəzzülə uğrayır, onların proseslərdə iştirakı getdikcə sönük xarakter alır. Nəhayət, Fransa diplomatiyası da müflisləşir”.

Müsahibimiz düşünür ki, Ermənistanın Rusiyanın yanında olmaqdan başqa çıxış yolu yoxdur:

“Ermənistan da görür ki, Avropa indi öz hayındadır, dərin böhran keçirir. Amerika da Avropaya daha maraq göstərmir. Bu fonda Paris də anlayır ki, böyük bir yükü daşıya bilməyəcək. Rusiyaya gəldikdə, onlar indi Qafqaz siyasətində öz maraqlarına uyğun bir qədər düzgün mövqe tutublar. Moskva sadəcə çaşqın vəziyyətdə olan Ermənistana imkan verdi ki, daha çox səhv etsin. Hansı ki, Ermənistan bu səhvləri dəfələrlə təkrarladı.

Ermənistanın Rusiyaya yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur. Onlar başa düşməlidir ki, Moskva ilə münasibətləri korlamaq doğru deyil. Rusiya Azərbaycana kömək etməyib, Ermənistana kömək edib. Azərbaycan isə öz imkan və bacarığı hesabına müharibədə qalib gəldi. Ermənistan kimi küsəyən ölkələri heç kim eşitmək istəmir”.

Politoloqun fikrincə, Lavrov İrəvana onu da diqqətə çatdırıb ki, sülh uğrundakı mübarizədə Ermənistan məğlub olarsa, onda heç kim onun dadına çatmayacaq:

“İrəvan ağılını başına yığıb düzgün seçim etməli, Azərbaycanla danışıqlar aparıb, sülh müqaviləsini ölkəmzin tələbləri səviyyəsində qəbul edib imzalamalıdır”.  

Paşinyanı hakimiyyətə gətirən qüvvələr tələb edir ki...

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu isə qeyd edir ki, Paşinyan antirusiya siyasətini davam etdirməyə məhkumdur:

“Ermənistan hansı addımlar atsa da, Rusiyadan çox asılıdır. Amma bütün hallarda Ermənistanın hazırki rejimi Rusiya ilə əvvəlki rəhbərlik dövründəki münasibətlərə qayıda bilməz. 2018-ci ildə Paşinyan anrirusiya elementlərilə zəngin dalğa üzərində hakimiyyətə gətirildi. Qərb Ermənistanın təhlükəsizliyini verilən vədlər səviyyəsində təmin edə bilmir. İqtisadi baxımdan da İrəvan Avrasiya İqtisadi İttifaqından asılıdır. Buna baxmayaraq, Paşinyan antirusiya siyasətini davam etdirməyə məhkumdur. Çünki onu hakimiyyətə gətirən qüvvələr məhz bunu tələb edir”.

Mirbəşiroğlu deyib ki, Lavrovun Ermənistanda səsləndirdiyi fikirlər İrəvanın Azərbaycan ərazilərini işğal etməkdə israrlı olduğunu bir daha göstərdi:

“O, İrəvanda xüsusi olaraq vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində olmayıb. Yəni Lavrov Ermənistanın işğalçı dövlət obrazını bir daha canlandırdı”.

Ermənistanın əvvəlki kimi tam olaraq Rusiyanın nəzarətinə qaytarılmasına gəlincə...

Həmsöhbətimiz bildirir ki, Moskva Qərbin Ermənistandan özünə qarşı plasdarm kimi istifadə olunmasına heç zaman razılıq verməyəcək:

“Ermənistan bu məsələdə çox uzağa gedib ki, bu da Rusiyada ciddi narahatlıq yaradır. Lavrovun səsləndirdiyi fikirlər də bunu aydın şəkildə göstərir. O, İrəvanı bir daha başa saldı ki, Rusiya ilə normal münasibətlər olmadan Ermənistan özlüyündə heç nəyi ifadə etmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO