Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corcia Melonini yalan danışmaqda, şəxsi təhqirlərdə və diplomatik uğursuzluqlarda ittiham edib.
Nə baş verir?
Gərginlik Makronun Melonini Avropa liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə və ABŞ Prezidenti Donald Trampın birgə telefon danışığına qatılmaması barədə “yalan məlumat” yaymaqda ittiham etməsindən sonra artıb.
İtaliyanın Baş naziri Kiyevə qoşun göndərməkdən imtina etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Trampla əlaqə saxlayan liderlər arasında yer almadığını bildirib. Makron isə öz növbəsində Melonini “yalan məlumat” yaymaqda ittiham edib və əmin edib ki, silahlı qüvvələrin yerləşdirilməsi həmin görüşdə müzakirə olunmayıb.
Daha sonra, Almaniya kansleri İtaliyanın Baş naziri ilə görüşüb və “vəziyyəti sakitləşdirməyə” çalışıb. Nəticədə köhnə qitənin liderləri Ukraynada Avropanın bütün sülh təşəbbüslərində Romanın “müəyyən rol oynaması” ilə razılaşıblar.
Merts həmçinin Meloninin yaxın gələcəkdə sülh proseslərinə daxil olması üçün danışıqlar aparacağına söz verib. O əlavə edib ki, Avropa ölkələri öz aralarında fikir ayrılıqlarının yaranmasına imkan verməməlidir.
Amma bütün hallarda görünən odur ki, Avropa liderləri arasında Ukrayna məsələsində ciddi fikir ayrılığı, parçalanma mövcuddur.
Bu fonda görəsən, Paris Roma gərginliyi nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədov düşünür ki, Makronla Meloni arasında Ukrayna ilə bağlı yaşanan fikir ayrılıqları bir qədər də artacaq:
“Ukraynada Avropa ölkələrinin silahlı qüvvələrinin yerləşdirilməsi planı Fransa ilə Böyük Britaniyaya məxsusdur. Onların düşüncəsinə görə, sülh sazişi imzalandıqdan sonra Rusiyanın növbəti hücumlarının qarşısını almaq üçün Ukraynada sülhməramlı qüvvələr yerləşdirilməlidir. ABŞ bu prosesdə iştirak etmək istəmir. Avropaya gəldikdə, İtaliya, Almaniya və Polşa hələlik bu planı dəstəkləmir.
Albaniyada keçirilən Avropa siyasi birliyinin sammitində İstanbul danışıqları müzakirə olundu. Amma bu danışıqlarda İtaliyanın baş naziri iştirak etməyib. Meloni italyan jurnalistlərinə müsahibəsində Makronun bu hərəkətini Romanın Ukraynada sülhməramlı yerləşdirmək planını dəstəkləmədiyinə görə atdıqlarını deyib. Halbuki, Almaniya və Polşa da həmin plana qarşıdır. Ancaq onlar Albaniyadakı həmin görüşdə iştirak ediblər. Təbii ki, bu da Meloninin xoşuna gəlməyib”.
Makronun pozuculuq hərəkətlərinin davamı
Həmsöhbətimiz qeyd edir ki, Makron Meloninin Avropa liderləri içərisində Trampa ən yaxın şəxs olduğunu nəzərə almayıb:
“Meloninin görüşə dəvət olunmaması Makronun pozuculuq hərəkətlərinin davamıdır. Bu isə yolverilməzdir ki, Almaniya kansleri də onu düzəltmək istəyib. Yəqin ki, Ukrayna ilə bağlı bundan sonrakı görüşlərdə Meloni iştirak edəcək. Ancaq fikir ayrılığı ortadadır və bu fikir ayrılığı azalmayacaq. Çünki Avropa ABŞ-ın iştirakı olmadan Rusiya ilə hər hansı qarşıdurmaya getməkdən ehtiyat edir. Meloni də həmin liderlərdən biridir”.
Gərginlik artacaq
Politoloq bildirir ki, Avropada yaşanan müəyyən parçalanma meyllərinin kökündə həmçinin Trampın mövqeyi dayanır. Bu səbəbdən ekspertin fikrincə, həmin hadisələr ciddi parçalanmaya gətirib çıxarmasa da, Ukraynaya münasibətdə fikir ayrılıqları da azalmayacaq:
“Zelenskinin davranışlarına Avropa liderləri fərqli yanaşır. Bəziləri onu qızışdırıb irəli verməyə çalışsalar da, digərləri onun hərəkətlərini yanlış hesab edir. Yəni Avropa dövlətləri arasında yaranan fikir ayrılığının səbəblərindən biri də Zelenski, onun siyasətdən uzaq davranışları, bəyanatları ilə bağlıdır. Ona görə də fərqli yanaşmanın azalma ehtimalı yoxdur. Əksinə, Vaşinqtonun irəli sürdüyü sülh planı Avropadakı fikir ayrılığını bir qədər də artıracaq. Fransa, Böyük Britaniya və Almaniya güman ki, Trampın 22 maddəlik sülh planını qəbul etməyəcək”.
Rüfət Sultan, Bizim.Media