Azərbaycanda bəzi sahələrin nümayəndələrinə fəxri adlar verilir. Fəxri adlar, əsasən, mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, memarlıq, jurnalistika, mühəndislik, dövlət qulluğu, hüquq, kənd təsərrüfatı, mülki aviasiya sahələrində xüsusi xidmətlərə, peşə ustalığına görə və ictimai həyatda fəal iştirak edən şəxslərə təqdim edilir.
Fəxri adların verilməsi ənənəsi sovet dönəmindən qalıb. Müstəqillik illərində isə, yəni 1993-1998-ci illərdə heç kimə fəxri ad verilməyib. Bu da fəxri adlara dair sənədin qəbul olunmamasından irəli gəlib. 1998-ci il mayın 22-də yenidən fəxri adların verilməsi haqqında Fərman imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Fəxri adlara görə nə qədər təqaüd verilir? - ARAŞDIRMA
Bu gün də bu ənənə davam edir. Lakin hər dəfə fəxri adların verilməsindən sonra müəyyən narazılıqlar yaranır. Bu narazılıqlar xüsusilə, müğənni və yazarlara verilən adlarla bağlı olur. Bəziləri onların əməyinin, əməlinin fəxri ada layiq olmadığını düşünürlər.
Bəs fəxri adlar nəyə əsasən verilir?
Fəxri adlar haqqında əsasnamə var və adlar da həmin əsasnaməyə uyğun verilir.
Bizim.Media əsasnamədə nəzərdə tutulan meyarları təqdim edir.
“Xalq yazıçısı” fəxri adı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilir.
“Xalq şairi” fəxri adı Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilir.
“Xalq artisti” fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər əməkdar artist və ya əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio proqramları diktorlarına verilir.
Əsasnaməyə görə, “Xalq artisti” və “Xalq rəssamı” fəxri adları “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.
“Əməkdar incəsənət xadimi” fəxri adı görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilir.
“Əməkdar artist” fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio proqramları diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Onu da qeyd edək ki, fəxri adla bərabər həmin şəxslərə döş nişanı da təqdim edilir. Fəxri adlar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı digər ölkələrin də vətəndaşlarına verilə bilər.
Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər qanunvericilik ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər. Fəxri ada görə onlara hər ay dövlət büdcəsindən müxtəlif məbləğdə pul verilir.
Günay Şahmar, Bizim.Media