Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Rüstəmov Miriş Məhəmməd oğlu Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Miriş Rüstəmov naməlum şəhid kimi Füzuli rayonunda dəfn olunmuşdu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı evdə keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra şəhidin cənazəsi Ağcabədi şəhərindəki Şəhidlər Xiyabanına gətirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, Ağcabədi Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.
Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonunu ərazisində gedən döyüşlərdə iştirak edib. 1992-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş hesab olunurdu.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu