Norveçin kiçik Yovik şəhərində rus əsilli yerli sakin Tatyana Toresen (Zatolokina) İkinci Dünya Müharibəsi dövrünə aid iki sovet əsgərinin məzarını tapıb və onlardan birinin ailəsini tapmaq üçün illərdir axtarış aparıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Toresen caliber.az-a danışıb.
Onun sözlərinə görə, son müddətdə 1944-cü il sentyabrın 16-da Vardal bölgəsindəki Kolberq adlı yerdə almanlar tərəfindən qətlə yetirilmiş sovet hərbi əsirlərindən biri – bakılı İvan Sergeyoviç Aleksandrovun həyat yoldaşının izlərini tapmaq mümkün olub.
"İvan Sergeyoviç Aleksandrov 22 avqust 1909-cu ildə anadan olub, Bakının Sabunçu qəsəbəsində yaşayıb. Ünvanı: Dzerjinski küçəsi (indiki Asif Əsədullayev küçəsi), ev 228, mənzil 11. Sabunçuda yerləşən «Bakı fəhləsi» maşınqayırma zavodunda tornaçı işləyib. 25 iyun 1941-ci ildə Lenin (Sabunçu) Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Sıravi əsgər olub."
1942-ci ilin avqustunda əsir düşüb (sənədlərdə 1942-ci ilin sentyabrından etibarən itkin düşmüş kimi qeyd olunub) və Norveçin Henefoss şəhəri yaxınlığındakı Voqord hərbi əsir düşərgəsinə göndərilib.
Aleksandrov orada Aleksandr Kalistratov ilə birlikdə düşərgədən qaçıb, 100 km-dən çox məsafə qət edərək bir norveçli ailənin tövləsində gizlənib. Lakin almanlar onların izinə düşüb və 1944-cü il sentyabrın 16-da hər ikisini güllələyiblər.
Ölüm anında İvan Aleksandrovun 35 yaşı olub. O, 79 il ərzində itkin düşmüş hesab edilirdi.
Tatyana Toresen bildirir ki, İvan Aleksandrovun ailəsini axtarmaqda müəyyən irəliləyişlər əldə edilib. Belə ki, onun həyat yoldaşı Mariya Petrovna Aleksandrova (1906-cı il təvəllüdlü) barədə yeni məlumatlar tapılıb. Bakıdakı könüllülər əsgərin yaşadığı ünvanda yerləşən JEK-ə (kommunal idarə) gedərək, onun arxiv məlumatlarını əldə ediblər. Məlum olub ki, Mariya Petrovna müharibədə həyat yoldaşının ölümündən sonra təkrar ailə qurmayıb, cütlüyün övladları olmayıb. Mariya Bakıda ət kombinatında qazanxanaçı işləyib və 1975-ci ildə Saratova, oradan da Enqels şəhərinə köçüb. 1983-cü ildə vəfat edib.
1984-cü ildə Enqels şəhərində Mariyanın miras işi açılıb. Kimsə onun ölümündən sonra miras hüququ əldə edib. İrs işi nömrəsi: 2932417-144/1986. Notarius: Vera Yakovlevna Babaytseva. Ünvan: 410056, Saratov vilayəti, Saratov şəhəri, Frunze rayonu, Puqaçev küçəsi 85/93. Notarius hələ də fəaliyyət göstərir, lakin 40 ildən çox vaxt keçdiyindən bu işi xatırlamır."
Hazırda həmin miras sənədinin saxlandığı arxiv axtarılır. Tapılarsa, əsgərin qohumlarını müəyyənləşdirmək mümkün olacaq. Tatyana hesab edir ki, Mariya Petrovna mütləq şəkildə ərinin fotolarını qoruyub saxlayıb və onları 1975-ci ildə özü ilə Enqelsə aparıb.
Tatyana Toresenin sözlərinə görə, Bakı sakinləri və Sabunçu rayonunun JEK əməkdaşları ona axtarışlarda kömək ediblər.
“Biz ərimlə birlikdə əsgər İvan Aleksandrovun şəklini tapmaq və məzarı üzərinə informasiya lövhəsi qoymaq istəyirik,” – deyə T. Toresen bildirib.
... Deyirlər ki, müharibə sonuncu əsgər dəfn olunmayana qədər bitmir. Əlavə etmək yerinə düşərdi – bütün qəhrəmanların taleyi, istər sağ, istərsə də şəhid, bilinməyənə qədər də müharibə bitmiş sayılmaz. Göründüyü kimi, Norveçdə və Azərbaycanda ürəyi bu missiya ilə döyünən insanların sayəsində İkinci Dünya Müharibəsinə gedib bir daha geri dönməyən Bakılı əsgərin qohumlarının axtarışları illər sonra da davam edir – ona gec də olsa, layiq olduğu ehtiramı göstərmək üçün.
Bizim.Media