“Qırx il əvvəl, Qafqazın cənubunda yerləşən Azərbaycan SSR-də kütləvi şəkildə keyfiyyətsiz şərablar istehsal olunurdu. Lakin həmin illərdə planlı şəkildə üzüm bağlarının məhv edilməsi ilə şərabçılıq sənayesi sarsıldı. Bu hadisələr uzun müddət istehsalçıları çətin vəziyyətdə qoydu. Lakin bu gün Azərbaycan öz şərab kimliyini yenidən müəyyənləşdirir. Hazırda Azərbaycanın şərab sənayesində beynəlxalq üzüm növləri ilə yanaşı, yerli və regional dadların da rolu artır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər dünyaca nüfuzlu “Forbes” nəşrində dərc olunan Tom Mullenin Azərbaycan şərabları ilə bağlı məqaləsində öz əksini tapıb.
Məqalənin davamını təqdim edirik:
“Sovet İttifaqı dövründə, 1984-cü ildə Azərbaycanda 120 zavod və 420 üzümçülük təsərrüfatı vasitəsilə ildə 10 milyon hektolitr (26 milyon gallon) həcmində şərab istehsal edilirdi. Həmin dövrdə Azərbaycanda 56 növ şərab və 10 konyak çeşidi istehsal olunurdu. İstehsal prosesində əsas üstünlük isə şirin şərablara verilirdi. Lakin 1985-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçov spirtli içkilərə qarşı "qadağa kampaniyası" başlatdı. Bu kampaniya nəticəsində Azərbaycanda 32,000 hektardan çox üzüm bağı məhv edildi.
Şərabçılıqdan şəhər həyatına...
Sovet İttifaqı 1991-ci ildə süqut etdikdən sonra, bir çox üzümçü və şərabçı Bakı kimi böyük şəhərlərə üz tutaraq yeni həyata başladı. Beləcə, şərab sənayesi demək olar ki, çökmə nöqtəsinə gəldi.
"Kommunizm dövründə bağlar hökumətə məxsus idi. Sovet İttifaqı dağılandan sonra insanlar üzüm bağlarına marağını itirdi və Bakı şəhərinə axın etdilər" – deyə şərab məsləhətçisi Pənah Abdullayev bildirir.
Dirçəliş dövrü
2000-ci ildən etibarən Azərbaycan şərabçılığı tədricən inkişaf etməyə başladı. Artıq əsas məqsəd kütləvi istehsal deyil, keyfiyyət idi. 2017-ci ilə qədər Azərbaycanda hər il 2000 hektara qədər yeni üzüm bağı salınırdı. 2018-ci ildə Bakı Şərab Məktəbi açıldı və şərab texnoloqlarının hazırlanmasına başlandı. Şərab sənayesi dirçəlməsinə baxmayaraq, Azərbaycanda meyvə distillatları – xüsusilə araq və tut arağı – hələ də ən çox istehlak olunan içkilər sırasındadır.
Bu gün Azərbaycanda üç əsas kateqoriyadan olan üzüm növləri becərilir: beynəlxalq (Pinot Noir, Viognier), yerli (qırmızı Mədrəsə, ağ Bayan Şirə) və Qafqaz bölgəsinə xas (Saperavi, Rkatsiteli kimi gürcü növləri).
Qeyd edək ki, Azərbaycanda hələ də rəsmi şərab coğrafi göstərici (appelation) sistemi mövcud deyil. Əsas üzümçülük bölgələri isə Bakı-Abşeron, Xəzəryanı bölgə, Şirvan-Qafqazətəyi, Gəncə-Qazax, Naxçıvan və Lənkəran-Astara zonalarıdır.
Festival ruhu və tarix
Meysəri kəndində hər il keçirilən Üzüm və Şərab Festivalı artıq dördüncü dəfə təşkil olunur. Ötən il tədbir üç gün davam edib və burada 24 istehsalçı iştirak edib. Festivalı hər gün təxminən 4,000 qonaq ziyarət edib.
Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanda eramızdan əvvəl 6000-ci ildə şərab istehsal edilib. Belə ki, Şamaxının Xınıslı kəndində üzüm sıxmaq üçün daş qablar və qədim texnologiyalar aşkar olunub. Bu gün həmin ərazidə yerləşən Meysəri brendi – "Şirvan Wines" tərəfindən yaradılıb. Bura müasir istehsalı ilə seçilən və regional üzüm növlərini bir araya gətirən nümunəvi zavoddur. Sözügedən brend Fransadan gələn Grenache Blanc, Marsanne, Clairette və yerli Bayan Şirə ağ üzümləri Sədəf brendində birləşdirir. Qırmızı Marcan blendində isə Fransız və Gürcü növləri – Marselan, Cinsault, Saperavi və başqa növlər sintez olunur.
Alman izi: Gəncə və Göygöl
Gəncə-Qazax bölgəsi isə Azərbaycan şərab tarixində özünəməxsus iz qoyub. 1817-ci ildə Napaleon müharibələrindən sonra, Almaniyanın cənubundakı Vürttemberq bölgəsindən gələn almanlar bu əraziyə köç edərək üzümçülüyü inkişaf etdirdilər. 19-cu əsrin sonunda Azərbaycan artıq Qafqazın əsas şərab və konyak istehsalçısına çevrilmişdi.
Göygöl şəhərində yerləşən Göygöl Şərab Zavodu 1860-cı ildə məhz alman kolonistləri tərəfindən təsis olunub. Bu zavod sovet dövründə SSRİ-də ən çox şərab istehsal edən müəssisələrdən biri idi. Bu gün zavod həm şərab, həm də araq istehsalı ilə məşğuldur. 16 metr dərinliyə qədər enən qədim zirzəmilərdə alman ustaların düzəltdiyi nəhəng palıd çəlləklər hələ də qorunur.
Zavodun məhsullarına “Qarabağ” etiketi ilə təqdim olunan qarışıqsız Chardonnay, meyvəli Mədrəsə və palıd çəlləkdə yetişdirilmiş Pinot Noir daxildir.
“Biz yeniliyə çalışırıq, amma almanlardan aldığımız irsə də sadiq qalırıq,” – deyə baş texnoloq Rasim Omarov qeyd edir.
Savalan Aspi – Texnologiya və Turizm
Savalan Aspi Zavodu isə Savalan vadisində yerləşir. Burada əsasən İtaliya, Fransa və İspaniyadan gətirilmiş beynəlxalq sort üzümlər becərilir. Zavodda italiyan texnologiyası və memarlığından istifadə olunub.
Maraqlıdır ki, zavod turistləri cəlb etmək üçün iki qeyri-adi məkana malikdir: interaktiv şərab muzeyi və dünyanın ən böyük taxta çəlləyi. Slavoniya palıdından hazırlanan bu çəllək 4.75 metr diametrindədir və 66,579 litr (88,000 şüşə) şərab tutumuna malikdir.
“Son beş ildə Azərbaycan şərabı daha populyar olub. Rusiyalı turistlərin sayı artır və onlar evlərinə qayıtdıqda şərabımızı təbliğ edirlər” – deyə “Savalan Aspi”nin satış müdiri və ölkənin ilk qadın şərabçısı Aygün Atayeva bildirir.
Sənətkarlıq ruhu: F.A. Valley və İtalyan izləri
Bakıdan şimala doğru uzanan Xəzəryanı şərabçılıq bölgəsində, yarımsəhra iqliminə malik ərazilərdə, yaşıl bitki örtüyü İrlandiyanın Uiklou qraflığının yamaclı kəndlərini xatırladır. Bu torpaqlarda fındıq, albalı və alma da yetişir. Məhz burada, F.A. Valley Şərab Zavodu yerləşir. Zavodun həmtəsisçisi isə damar cərrahı kimi həm Rusiyanın Sankt-Peterburq Hərbi Akademiyasında, həm də Almaniyanın Nürnberq şəhərində təhsil almış doktor Fərhad Ağayevdir. Bu şərabçılıq təsərrüfatı Azərbaycanda İtalyan üzümlərinə və texnologiyasına ən çox sadiq qalan nümunələrdən biridir.
Doktor Ağayev hələ də həkim fəaliyyətini davam etdirir və Pugnitello, Colorino, Sagrantino, Aglianico, Nero d’Avola və Sangiovese kimi italyan qırmızı üzüm növlərindən şərab istehsal edir. O və qardaşı Fərid İtaliyanın Toskana bölgəsindən olan ekspertləri dəvət edərək altı hektarlıq üzüm bağları salıb və istehsal avadanlıqları qurublar.
“Niyə məhz italyan üzümləri?” sualına isə doktor belə cavab verib:
“Mən italyan şərablarını sevirəm.”
Xəzər dənizi ilə Qafqaz dağları arasında yerləşən bu bölgənin iqlimi isti Aralıq dənizi tipindədir. Bu bölgənin torpağı isə mavi gil və əhəngdaşı ilə zəngindir. Burada illik yağıntı cəmi 300 mm təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Toskanada yağan yağıntının üçdə birinə, Siciliyadakı yağıntıların isə yarısına bərabədir. Bu səbəbdən, Doktor Ağayev üzüm bağına illik cəmi dörd-beş dəfə xəstəliklərə qarşı müdaxilə etməklə kifayətlənir. Halbuki, İtaliyanın şimalında bu rəqəm ildə 15 dəfəyə qədər arta bilər.
“Sadəcə torpaq, üzüm, şərab və butulka. Çox sadə. Şərab bir içki deyil. O, fəlsəfədir, enerjidir, qidadır. Mən keyfiyyətli şərab istehsal etmək istəyirəm. Eyni zamanda sübut etmək istəyirəm ki, Azərbaycan möhtəşəm şərablar istehsal edə bilər.”
Doktor Ağayev diqqətli, metodik və təvazökar insan təsiri bağışlayır. Üzümçülük təsərrüfatı yaratmazdan əvvəl yerli fermerlər ona deyib ki, qısa müddətli gəlir götürmək əvəzinə uzunmüddətli investisiyaya yönəlməsi ağılsızlıqdır. Lakin zaman onun xeyrinə işləyib – F.A. Valley-nin Aglianico üzümündən hazırlanmış 2020-ci il “Ragazzaccia” şərabı “Sommelier’s Choice” müsabiqəsində gümüş mükafat qazanıb.
Zavodda üzüm şirəsi cazibə qüvvəsi ilə beton çənlərə axır və burada mayalanır. Filtrasiya və təmizləmə aparılmır, üstəlik süni maya əvəzinə təbii maya istifadə olunur. Şərablar fərqli üsullarla yetişdirilir: rozelər və qazlı şərablar paslanmayan poladda, Sangiovese böyük Slavoniya palıd çəlləklərində, Aglianico və Nero d’Avola isə Fransız palıdında hazırlanır. Həmçinin, Alto Adige bölgəsindən gətirilmiş İtalyan amforalarından da (gil küplər) istifadə olunur. Doktor hesab edir ki, bu qablar Gürcüstan istehsalı olanlarla müqayisədə daha az oksigen buraxır. O, Sangiovese, Colorino və Nero d’Avola üzümlərindən üç fərqli təbii qazlı ("pet-nat") şərab da istehsal edir.
Doktor Ağayev klassik sənətkar şərabçı obrazıdır. Ona bu ailəsindən miras qalmayıb. Ağayev hər şeyi özü öyrənib və bu gün yüksək keyfiyyətə malik şərablar istehsal edir.
Yerlilik: Özünə dönən dadlar
Azərbaycan şərabçılığında beynəlxalq üzüm növləri geniş yayılıb və yerli şəraitə uyğunlaşdırılıb. Lakin gələcək yalnız bu növlər üzərində qurulmayacaq. Yerliləşmə və regional fərqlilik Azərbaycanın şərab mədəniyyətinə kimlik və orijinallıq gətirir. Bu üzüm növləri eyni zamanda Azərbaycanın zəngin mətbəxi ilə də mükəmməl şəkildə uyğunlaşır.
Toskanadan olan şərabçı Marko Katelani 15 il əvvəl Azərbaycana köçüb. O, Pənah Abdullayev və Andrea Uliva ilə birlikdə “Thinking Wine 2.0” adlı enoloji məsləhət xidməti qurub. Öz vətəninin şərab irsinə hörmətlə yanaşsa da, Katelani Azərbaycanın yerli üzüm növlərindən istifadə edir və bu növlərdən Çabiant zavodunda şərablar hazırlanır.
Katelani bir qədəh ağ şərab içə-içə fikirlərini bizimlə bölüşür:
“Bizim missiyamız yerli Qafqaz üzüm növlərinə fokuslanmaq və Azərbaycan şərabının xarakterini təbliğ etməkdir. Mən Mədrəsə və Bayan Şirə kimi növlər vasitəsilə Azərbaycanın orijinal üzüm kimliyini tanıtmağa çalışıram. İndi insanlar yerli növlərlə daha çox fəxr edirlər.”
Onun tərəfdaşı Pənah Abdullayev də eyni fikirdədir:
“Etiketdə Mədrəsə yazdıqda, insanlarda məhsula maraq artır. Avropa növləri yaxşıdır, amma biz öz növlərimizi də istifadə etməliyik.”
Azərbaycanda 450-dən çox yerli üzüm növü var, lakin onlardan yalnız bir neçəsi hal-hazırda şərab istehsalında istifadə olunur. Ağ Bayan Şirə üzümlərindən yüngül, parlaq turşuluğa malik, tropik notlarla zəngin, təzə və içimi asan şərablar əldə edilir. Bu dad Bordeaux Sauvignon Blanc/Sémillon qarışığını xatırlatsa da, daha çox naringi notları ilə fərqlənir. Bu şərablar sanki Sauvignon Blanc ilə quru Riesling və Chablis arasında bir körpü rolunu oynayır.
Qalın qabıqlı Mədrəsə üzümü isə zərif quruluşa malikdir. Onun tərkibində şokolad, qırmızı meyvələr, incə ədviyyat və ciddi turşuluq dadı hiss olunur – şərab dünyasında bu dadı Şimali Ron vadisinin və Bordo sağ sahilinin qovuşması kimi təsvir etmək olar.
Saperavi isə Gürcüstan mənşəli üzüm növüdür. Onun genetik bağlantıları Syrah üzümünə qədər gedib çıxır. Dadında tünd şokolad, balanslı turşuluq hiss olunur. Bu üzüm dadına görə Kanar adalarının Baboso Negro üzüm növünə bənzəyir. Rəngi isə Croatina üzümündən alınan şərab qədər tünddür.
Azərbaycan şərabının gələcəyi parlaq görünür.
Bunun səbəbi müxtəlif yerli üzüm növlərinin mövcudluğu və onların dadını dünyaya tanıtmaq üçün çalışan qərarlı insanların olmasıdır. Necə ki, Çilidəki Clos Apalta zavodu klassik Fransız Bordeaux üslubunu yerli Carmenère ilə özünəməxsus imzaya çevirib, eləcə də Azərbaycan şərabçılıqda öz imzasını Mədrəsə əsasında qurulmuş yerli brend ilə formalaşdıra bilər.
“Biz şərab mədəniyyətini dəyişməyə çalışırıq. Bu sadəcə biznes deyil, bu həm də ehtirasdır. Biz istəyirik ki, turistlər şərablarımızı öz ölkələrinə aparsın və Azərbaycandakı xatirələri ilə birlikdə öz dostları ilə paylaşsınlar” – deyə Azərbaycanlı şərabçı Azər Qasımov vurğulayır.
Məqalədə həmçinin Azərbaycanda istehsal olunan 18 şərab növü ilə bağlı qeydlər də öz əksini tapıb:
Meysəri – Bülluri 2020: 91 bal (Qiymət: $13.50)
Meysəri şərab zavodu adını eyniadlı kənddən alır. “Bülluri” Azərbaycan dilində “kristal” deməkdir. Bu şərab Clairette üzümünün gürcü üzümləri (Mtsvane və Rkatsiteli) və bir yerli növ (Bayanshira) ilə qarışığından hazırlanıb. 13.5% spirtə malikdir, eyni zamanda yasəmən, naringi və qreyfurt ətirlidir. Şərabda təravətli turşuluq, azacıq bal ləzzətli aroma var. Bu şərab ağ pendir və suşi ilə yaxşı uyğunlaşır.
Meysəri-İnnabi 2020: 91–92 bal. (Qiymət $13.50)
Gürcü mənşəli Saperavi ilə yerli Azərbaycan üzümləri olan Mədrəsə, Şirvanşahı və Xındoqnı qarışığından hazırlanan bu şərab 13.5% spirtə malikdir. Qara likör, darçın və hil ətirli bu şərablarda yaxşı inteqrasiya olunmuş turşuluq dadı hiss olunur.
Meysəri-Məxməri Premium 2020: 91–92 bal (Qiymət $17.00)
Marselan, Cinsault, Karinyan, Qrenaj və Muvədr üzüm sortlarının qarışığından hazırlanan bu şərab 13.5% spirtə malikdir. Tünd gavalı, ekzotik qırmızı meyvələr, kömür, qrafit və şokolad siropu aromaları ilə zəngin olan Meysəri-Məxməri Premium 2020 zərif dada malikdir.
Yarımada-Saperavi 2012
Azərbaycanlı şərabçı Əziz Qasımov tərəfindən hazırlanan bu şərabın istehsalında Saperavi üzüm sortundan istifadə olunub. Bu üzümə keçmiş Sovet dövründə şərablarda rəngi tündləşdirmək üçün üstünlük verilirdi. Saperavi Syrah üzümü ilə yaxın dada malikdir. Bu şərablar yüngül, torpaq və şokolad aromalı dada malikdir.
Qarabağ-Pearl Sparkling Wine Brut: 90–91 bal. (Qiymət $8.00)
13% spirtə malik olan bu şərablar 100% Chardonnay üzümündən charmat üsulu ilə hazırlanıb. Şərabın dadında briyoş, laym, tropik meyvələr və azacıq mentol aromaları mövcuddur.
Qarabağ-Bayanshira 2019.
Qarabağ şərablarının etiketlərində Azərbaycanın müxtəlif bölgələrinə məxsus xalçalar təsvir olunub. Portağal qabığı və oksidləşmə ətirli rancio aromaları ilə zəngin olan bu şərablar 12% spirtə malikdir. Bayanshira struktur baxımından zərifdir, əsas dadını turşuluq və meyvədən alır. Bu şərabın əsas satış bazarı Polşadır.
Qarabağ-Mədrəsə 2019: 90 bal. (Qiymət $8.50)
Cəlbedici turşuluğa malik olması bu şərabın içilməsini asanlaşdırır. Qarabağ-Mədrəsə 2019 Çiyələk, şokolad parçaları, albalı, qara giləmeyvə, qırmızı gavalı, şəkər və azacıq qara istiot aromalarına malik sadə dada sahibdir.
Savalan Aspi Winery Viognier 2023: 91+ bal. (Qiymət $8.00)
Ağ çiçəklər, armud, naringi aromaları ilə zəngin olan bu şərab kəskin turşuluq, qreyfurt və tropik meyvə dadları, minerallığı ilə seçilir.
Savalan Aspi Winery Canyon Red Dry Reserve 2018: 93 bal. (Qiymət $19.00)
Merlot, Cabernet Franc və Petit Verdot üzümlərinin qarışığından hazırlanan bu şərab 15% spirtə malikdir. Bu şərab təbii ağac çəlləkdə bir ildən çox saxlanılıb. Tənək, albalı, şam və sidr aromaları ilə zəngindir.
Savalan Aspi Winery Special Edition Red Wine 2018: 93–94 bal (Qiymət $35.00)
100% Merlot üzümündən hazırlanan bu şərab 16% spirtə malikdir. Şərab tütün, qara likör, qovrulmuş şabalıd, qara istiot, albalı, sidr və evkalipt aromaları ilə zəngin mürəkkəb, toxumalı dada sahibdir.
Chabiant. Bayanshira. 203. 91+ bal. $7.35. [Əla Dəyər ♫♫]
İsmayıllı bölgəsində enoloq Marko Katelani tərəfindən istehsal olunub. Sauvignon Blanc, Riesling və Chablis xüsusiyyətlərini özündə daşıyır. Təzə, turşulu, quru ərik aromaları ilə zəngin şərabda yaşıl alma, naringi, azacıq duzluluq dadı var.
Chabiant Rkatsiteli Mtsvane White 2023: 92+ bal (Qiymət $7.35)
Gürcü üzümlərindən hazırlanan bu ağ şərabda yasəmən, ağ çiçəklər, armud və nanə aromaları, cin-tonik təravəti mövcuddur. Bu şərabın dadına baxanlar limon, nanəli çay, naringi, ananas və manqo dadlarını hiss edə bilərlər.
Chabiant Mədrəsə 2022: 93–94 bal. (Qiyməti $11.75)
Bu şərab 12 ay fransız palıdından hazırlanan çəlləkdə saxlanılıb. Albalı, böyürtkən, şokolad, yaban mersini, tütün, qara istiot və darçın aromaları ilə zəngindir. Şərabda “Flake” şokolad, qara gavalı, likor, cassis və qaraşəkər dadları mövcuddur.
F.A. Valley Colorino Pet Nat 2024: 93+ bal. (Qiymət €18.00)
Bu şərab Xudat yaxınlığında Dr. Fərhad Ağayev tərəfindən hazırlanıb. Təbii qazlı, tünd albalı/ambra rəngli şərab naringi, moruq, çiyələk və mentol aromaları ilə zəngindir. 11 faiz spirtə malik olan bu şərabda yüngül meyvəli, zəncəfilvari dadlar və yumşaq turşuluq var.
F.A. Valley Aglianico 2022: 92 bal (Qiymət €12.00)
Sement çənlərdə təbii maya ilə fermentasiya olunub. Tünd rəngli, gavalı, qara istiot və evkalipt aromaları ilə zəngindir.
F.A. Valley Ragazzaccia Agliaico 2020: 92+ bal (Qiymət €30.00)
Gavalı və qara giləmeyvə aromaları ilə zəngin olan bu şərab öarlaq turşuluq, yüngül taninlər, albalı dadlarını özündə birləşdirir.
F.A. Valley Fratello Sangiovese 2020: 91–92 bal.
Dr. Ağayev tərəfindən qardaşı Fəridin şərəfinə bu cür adlandırılan şərab 2 il müddət Slavoniya bölgəsindən gətirilən böyük palıd çəlləklərdə, daha 2 il isə butulkada saxlanılıb. Mentol, albalı və qara gavalı aromaları ilə zəngin olan şərabın spirt dərəcəsi 13 faizdi
Qalaçıq Winery Chardonnay 2024: 90 bal.
Şimal bölgəsində yetişdirilən üzümlərdən hazırlanıb. Gül, şirniyyat, şəkər aromaları ilə zəngin olan şərabdan cəmi 3.000 butulka istehsal olunub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:56 / 12.05.2025
Azərbaycanda istehsal olunan ən yaxşı şərablar – “Forbes”in SİYAHISI
Hazırda oxunan: Azərbaycanda istehsal olunan ən yaxşı şərablar – “Forbes”in SİYAHISI
Hazırda oxunan: Azərbaycanda istehsal olunan ən yaxşı şərablar – “Forbes”in SİYAHISI
248898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.