Bu gün Azərbaycanda yaşayan azsaylı xalqlardan olan gürcülər sərbəst şəkildə milli bayramları olan Pasxanı qeyd edirlər. Gürcülər rayonun bir neçə kəndində məskunlaşıblar və hər biri ailəsində təmtaraqlı milli dini bayramları olan Pasxanı qeyd edə bilirlər.
Qaxın Kötüklü kənd sakini Cinari Babacanaşvili Bizim.Media-ya verdiyi məlumata görə, günlərdir bu bayrama hazırlıq görürlər.
“Bu bayramı hər il səbirsizliklə gözləyirik. Bayram öncəsi oruc tutulur və 40 gün sonra bayram qeyd edilir. Bir neçə gündür ki, evləri təmizləyirik ki, bayrama təmiz çıxaq. İki gündür gecəmizi kilsədə dualar etməklə keçirik. Kilsədə çoxlu şamlar yandırılır, müqəddəs İsanın ruhuna dualar oxuyuruq.
Bu bayrama mütləq şəkildə həm uşaqlara, həm də özümüz üçün yeni paltarlar alıb bayram təzə paltarlarla qeyd edirik. Beləliklə bədənimizdə, ruhumuz da təzələnmiş olur”, deyə Cinari xanım qeyd edib.
Rayonun Meşabaş kənd sakini Şota Muradxanaşivili isə bayramın ən gözəl adətinin küp açma olduğunu vurğulayıb:
“ Bu bayramda hamının səbirsizliklə gözlədiyi məqam küp açma mərasimidir. Adətən iki-üç ildən qalma küp açılır. Evin ailə qurmuş qızları, qohum-əqraba toplaşıb küp açma mərasimində iştirak edirlər. Küpü evin ağsaqqalı açır və ətrafdakı qohumlar bir-bir çaxırın dadına baxmaq üçün küpün ətrafına toplaşırlar.
Əslində bizim bu bayram bir növ də sizin Novruz bayramına da bənzəyir. Çünki bizdə də səməni cücərdilir,yumurta boyadılır və uşaqlar qodu-qodu gəzib pay toplayırlar. Qadınlarımız “pasxa” adlı şirniyyat bişirirlər və bu da bayramın simvollarından sayılır.
Onu da qeyd edim ki, bizdə qəbir üstə ildə iki dəfə çıxılır. Yəni başqa vaxtı məzarlığa gedilmir. Bu günlərdə hamı bişirdiyi “pasxa” şirniyyatından götürüb məzarlığa gedib ölülərin adına duz tökəcəklər”.
Xatırladaq ki, Azərbaycan ərazisində yaşayan xristianlar Pasxa bayramını dəbdəbəli qeyd edirlər.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:32 / 20.04.2025
Qaxda Pasxa bayramı belə qeyd edilir - FOTO/VİDEO
Hazırda oxunan: Qaxda Pasxa bayramı belə qeyd edilir - FOTO/VİDEO
Hazırda oxunan: Qaxda Pasxa bayramı belə qeyd edilir - FOTO/VİDEO
245107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.