Ölkəmizdə bəzi hündürmərtəbəli yaşayış binaları var ki, xarici görünüşü səliqəli olsa da, blokları təmirsiz və acınacaqlı vəziyyətdədir. Elə binalar var ki, liftləri təmirsiz və yararsız haldadır.
Əlbəttə ki, bəzi mənzil sakinləri bloku və ya lifti öz hesablarına təmir etməyə təşəbbüs göstərirlər. Son illər durum elə bu qaydada davam edir. Amma bəzi yaşayış binaları var ki, tabe olduqları Mənzil Tikinti Kooperativi və ya Mənsil istismar Sahələri (JEK) tərəfindən nə əsaslı təmirə bağlanır, nə də binada olan xırda problemləri həll etməyə çalışırlar.
Ümumiyyətlə, bloku, pillələri qopub-dağılmış pilləkənləri, lifti təmir etmək, divarları boyamaq həmin binanın sakinlərinin, yoxsa aidiyyəti qurumun vəzifəsidir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev yeni və köhnə tikililərdə blokların təmiri prosesindən danışıb. O, deyib ki, yeni tikili binalarda mənzil sahibləri hər ay kommunal ödənişi edirlər. Bu ödənişlər hesabına binadakı bloklar təmizlənir, boyanır:
“Hazırda əksər köhnə binaların bloklarını ya həmin binada yaşayan sakinlər təmir edir, ya da elə təmirsiz də qalır”.
Bəs əslində necə olmalıdır?
Ekspert vurğulayır ki, vətəndaşlar Mənzil İstismar Sahələrinə illik kommunal ödənişi etsələr də, xərclərin çəkilməsi və s mənzil istismar sahələri tərəfindən yox, sakinlər tərəfindən aparılır:
“İstər yeni, istər köhnə tikili binalara nəzarət üçün vətəndaşlar tərəfindən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri qurulmalı, həmin MMC-də yığılan məbləğ binanın saxlanılmasına sərf olunmalıdır. Yeni tikili binalarda bu cəmiyyətlər formalaşsa da, köhnə tikililərdə barmaqla sayılacaq qədərdir. Bu baxımdan belə binalarda istənilən təmiri bina sakinləri edirlər”.
Nəzrin Mirzəyeva, Bizim.Media