Xaçmazın sabiq deputatı Eldəniz Səlimov bu gün səhər azadlığa çıxıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2021-ci ildə vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunan keçmiş millət vəkili 3 il 6 ay həbs cəzasını çəkib və Pentensiar Xidmətinin 10 saylı məntəqəsindən azadlığa buraxılıb.
MÖVZU İLƏ BAĞLI:
Polisi döyən deputat üzr istədi: "Həssaslıq göstərib mənlə maraqlananlar da var"
Yaxınlarının verdiyi məlumata görə Eldəniz Səlimov yaşadığı Xaçmaz şəhərinə yola düşüb.
Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da sabiq deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.
Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.
2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu