AQTA-nın FƏALİYYƏTSİZLİYİ – Bazarlar keyfiyyətsiz xarici məhsullarla dolub

AQTA-nın FƏALİYYƏTSİZLİYİ – Bazarlar keyfiyyətsiz xarici məhsullarla dolub

Hazırda oxunan: AQTA-nın FƏALİYYƏTSİZLİYİ – Bazarlar keyfiyyətsiz xarici məhsullarla dolub

23286

Dünyanın ən iri ərzaq və qida şirkəti olan “Nestle”-nin yüzlərlə məhsullu - ərzaq və içkilərinin 60 faizi “qəbul edilən sağlamlıq standartı”ndan aşağıdır.

Bu barədə nüfuzlu “Financial Times” dərgisi məlumat yayıb. Qəzetin təqdimatında bu məhsullar belə səciyyələndirilib:

“Bəzi məhsullar heç zaman sağlam qida ola bilməyəcək”.

Şirkətin məhsullarının cəmi 37 faizi bir sıra ölkələrdə tətbiq olunan 5 ulduzlu “sağlamlıq keyfiyyəti”sisteminə görə 3,5 ulduzdan yuxarı qiymətləndirilib. İçkilərin 96, şirniyyat və dondurmaların isə 99%-i standartdan xeyli aşağı olub. 

Standarta cavab verməyən məhsulların “Nestle”-nin illik satışının yarısını təşkil etdiyi açıqlanıb.

Məlum olduğu kimi bu şirkətin məhsulları Azərbaycanda da şatılır. “Kit Kat”, “Nesquik”, “Maggie” və digər məşhur məhsullar xüsusilə uşaqlar tərəfindən istehlak olunur. “Nestle” məhsulları ilə bağlı ölkəmizdə də müxtəlif dövrlərdə problemlər üzə çıxıb, lakin onların satışları ilə bağlı məhdudiyyət tətbiq olunmayb.

Müşahidələr onu göstərir ki, baxmayaraq ki, idxal olunan məhsullara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təhlükəsizlik sertifikatı verilir, onların heç də beynəlxalq standartlara uyğun olub-olmadığı yoxlanılmır.

Ümumiyyətlə AQTA-nın ölkədə istehlak olunan qidaların təhlükəsizliyinə nə dərəcədə cavabdeh olması sual doğuran məqamlardandır. Görünür, bu amil Agentlik səlahiyyətlilərini həm də mətbuat orqanlarının zənglərini cavabsız qoymağa vadar edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim Media-ya açıqlamasında bildirib ki, “Nestle”-nin uşaq qidaları ilə bağlı məsələ hər iki ildən bir istehlakçıların hüquqlarını qoruyan beynəlxalq konqreslərdə qaldırılır və onların arzuolunmaz olduğu önə çəkilir: 

“Bir neçə il əvvəl bizim Birliyimizə də “Nestle”-nin kofesi ilə bağlı şikayət daxil olub. Kofe qutusunu açan istehlakçı onun içində çörək qırıntılarının olduğunu görüb. Qutuda kofedən əsər-əlamət olmayıb. Biz onu “Nestle” şirkətinin Azərbaycan nümayəndəliyinə verdik. Guya tədqiqat aparacaqdılar, amma nəticə bəlli olmadı”.

Birlik sədri qeyd edib ki, qida brentlərin sağlamlıq standartlara uyğun olmayan məhsullar istehsal etməsi ilə yanaşı ən məşhur brendlərin də saxtaları yaradılır: 

“Azərbaycana idxal olunan mallara AQTA tərəfindən təhlükəsizlik sertifikatı verilir, düşünürəm ki, qurum partiya məhsulları yoxlamaqla onlara nəzarət edir. Arzuolunmaz mallar Çindən, Hindistandan, Rusiyadan ölkəmizə daxil olur. Rusiyadan xüsusilə saxta məhsullar – ərzaq məhsulları, yuyucu vasitələr, tütün məmulatları daxil olur. Onlar Rusiyanın Azərbaycanla sərhəd regionlarında istehsal olunaraq, ölkəyə keçirilir”.

Eyyub Hüseynov qeyd edib ki, sertifikatsız məhsulların bir qismi qaçaqmal yolu Azərbaycana daxil olur.

Qeyd edək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanuna görə, ölkəyə məhsul idxalı zamanı idxalçı malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatını təqdim etməlidir. Qanunvericiliklə müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir.

İnzibati Xətalar Məcəlləsinə əsasən uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO