Xəbər verildiyi kimi Astarada qatar piyadanı vurub. Hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonunun Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Lənkəran rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev Bizim Media cənub bürosunun sorğusuna cavab olaraq piyadanın son vəziyyətini açıqlayıb.
O, bildirib ki, 07.12.2024-cü il tarixində saat 03:25 radələrində Astara rayonu Böyük Şahağacı kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (kişi cınsli) sağ ayağın topuq nayihəsinin amputasiyası, sol ayaq barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu