Azərbaycanda bir gündə təxminən 45 ailə boşanır. Gün ərzində 32 dəqiqəyə bir ailə dağılır. Bu rəqəmlər Statistika Komitəsinin müvafiq dövr ərzində qeydə alınan boşanma ilə bağlı göstəricilərinə əsasən müəyyənləşib.
Məlumat üçün bildirək ki, bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.
Ailə institutu təhlükə altındadır. Boşanmaların sayı kritik vəziyyət alıb. Ekspertlər bir gündə 45 ailənin dağılması faktını sosial partlayış, demokrafik vəziyyətin gərginləşməsi və ölkədə ailə institutunun dağılması kimi dəyərləndirirlər.
MÖVZU İLƏ BAĞLI:
BOŞANMIŞ QADIN - Niyə el qınağına çevrilir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bir günə 45 ailənin boşanmasını ölkə üçün kifayət qədər ciddi siqnal adlandırıb:
“Həddindən artıq yüksək rəqəmdir. Gün ərzində 45 ailənin dağılması bilirsiz nə deməkdir? Bu ailə institutunu uçuruma aparır. Bu gün zorakılıq gözlə görünməsə də, boşanma ilə özünü göstərir. Pandemiya dövründə qapalı münasibətlər, ailə daxilində bir-birlərinə yenidən baxış, internet vasitəsilə əlaqəyə görə qısqanclıqlar, sosial şəbəkələrdən yaranan asılılıq və ən nəhayət iqtisadi amil boşanmaya təkan verən məsələlərdəndir. Ən çox təsiredici amil pandemiyadır”.
QHT rəhbərinin fikrincə, boşanmalara təsir edən amillərdən ən vacibi üçüncü şəxsin ailəyə müdaxiləsidir ki, bu hal pandemiya dövründə qabarıq şəkildə nümayiş olunurdu:
“Boşanmanı bilmirəm, amma zorakılıq halı bütün ölkələrdə yüksək dinamika ilə özünü göstərdi. 2019-cu ildən bu günədək zorakılıq bütün dünyada xarakterik bir hala çevrilib ki, tək bizim bəlamız deyil. Bu da boşanmalara təkan verir.
Təklif edərdim ki, cütlük boşanmadan öncə heç olmasa 10 gün fərqli mühitdə yaşasın. Anlıyıram, ev kirayəsi və başqa məsələlər buna mane olur. Amma qohumlar emossional şəkildə bu məsələyə təsir edirlər. Yaxınların subyektiv yanaşması bəzi hallarda əngəllər törədir. Məsələn, hansısa sığınacaqlar tikmək istəyirlər. Yaxşı olar ki, bu, düşünmə evləri olsun. İnsanlar mütxəssislərin təsiri altında öz davranışlarını təhlil etsinlər. Qohum münasibətlərinin təsiri və ya müdaxiləsi ilə qərar qəbul etməsinlər. Həmçinin emossional vəziyyətdə qərar qəbul etməsinlər. Bir-birlərini dinləmək üçün psixoloqun yanına getsinlər. Eyni zamanda sosial iş sistemin ailələrə daxil olmasını tezləşdirmək və aktivlşdirmək lazımdır”.
Alçina Amilqızı, Bizim.Media