Hüseyn İskəndərov: İnsanlara hüsnü-zənn ilə baxan adam

Hüseyn İskəndərov: İnsanlara hüsnü-zənn ilə baxan adam

Hazırda oxunan: Hüseyn İskəndərov: İnsanlara hüsnü-zənn ilə baxan adam

216712

Bu gün DTX-nin Şəhriyar adına Mədəniyyət evində “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixində özünəməxsus iz buraxmış, mərhum Hüseyn İskəndərovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş anım tədbiri keçirildi.

Tədbir zamanı çıxış edən təhlükəsizlik orqanlarının veteranları Hüseym müəllimin vətənpərvər zabit, xeyirxah və dəyərlərinə bağlı insan olmasından söz açdılar, onun haqqında xatirələrini bölüşdülər. “Alyans” Birliyinin bu nəcib təşəbbüsünə, həmçinin bu xatirələrlə tanış olmaq imkanı yaratdığına görə təşəkkür edərək, Hüseyn müəllim həyat hekayəsinin yeni nəsil təhlükəsizlik orqanları zabitlərimiz, ümumiyyətlə, gənclərimiz üçün Vətənə və Vətən insanına xidmət örnəyi kimi faydalı olacağını düşünərək bu xatirələrin bir qismini qələmə almağa qərar verdik.


Millətinə “çəhrayı gözlükdən” baxan zabit 

1988-ci ilin noyabrı, Qarabağda başlayan erməni təxribatları və Moskvanın bu təxribatlara göz yumması Azərbaycanı ayağa qaldırıb. Bakının mərkəzi Lenin (indiki Azadlıq) meydanında yüz minlərlə ölkə vətəndaşı Moskvanın bu ədalətsizliyə öz etirazını bildirir. 

Azərbaycanda sürətlə böyüyən etirazlar əzmək, eləcə də dövlət orqanlarında işləyən milli kadrların gözünü qorxutmaq üçün Moskvadan Bakıya ard-arda təhqiqat qrupları, yüksək səviyyəli dövlət komissiyaları göndərilir. 

Etirazların davam etdiyi 1988-ci ilin soyuq noyabr günlərində SSRİ DTK-dan göndərilən komissiyanın üzvləri Bakı şəhəri Nəsimi rayonu DTK şöbəsində işləyirdi. Mərkəzdən gələn “qonaqların” Nəsimi rayonuna xüsusi diqqətinin bir səbəbi paytaxtın ən böyük paytaxt rayonu olması və etiraz mitinqlərin bu rayonda keçirilməsi idisə, digər səbəb DTK rayon şöbəsinin rəisi Hüseyn İskəndərovun mərkəzdə Heydər Əliyev kadrı hesab edilməsi idi.

Qorbaçov və ətrafındakı ermənipərəst qüvvələr Bakıdakı etirazları Heydər Əliyevlə bağlamağa və etirazları bəhanə gətirərək milli kadrları cəzalandırmaq planı cızmışdı.

Bu səbəbdən Moskvanın göndərdiyi emissarlar Hüseyn İskəndərova araşdırmadan daha çox ittihama bənzər suallar verirlər.

Ancaq Moskvadan gəlmiş “çekistlərin” xalq etirazlarının qarşısını almaq üçün hansı işləri gördüyü ilə bağlı sualına rəisin cavabı gözlənilməz olur:

“Meydanın səbəbini Bakıda axtarmayın. Qarabağdakı Azərbaycan və SSRİ qanunlarına zidd hərəkətlər xalqın səbr kasasını daşırıb. Siz Qarabağda Ermənistanın təşviqi ilə baş verən təxribatların önünü alın. Bizim millətin qarşısında deyiləsi sözümüz olsun”. 

Bu cavab “KQB” emissarlarının xoşuna gəlmir. Moskvaya göndərilən xüsusi məruzədə H.İskəndərov haqqında “millətçi hərəkata çəhrayı gözlüklə baxdığı” qeyd edilir və barəsində “ölçü götürülməsi” təklif olunur.

Və elə bu məruzə əsasında, Azərbaycan DTK-sının başına gətirilmiş başqa bir Mərkəz emissarı olan İvan Qorelovskinin qərarı ilə H.İskəndərov vəzifəsi aşağı salınmaqla - çoxlarına görə isə “sürgün” edilərək - əyalət rayonlarından birində bölmə rəisinin müavini vəzifəsinə təyin edilməklə faktiki olaraq paytaxtdan uzaqlaşdırılır. 

Qorbaçov emissarlarının millətə baxışını “çəhrayı gözlük” deyə obrazlı ifadə etdiyi ibarə isə əslində Hüseyn İskəndərovun xarakterini əks etdirirdi. Lakin bu süni “gözlük” deyildi, H.İskəndərovun həyat devizi olan insanlara və həyata “hüsnü zənli” baxışı idi. 

“Sovetski”-də başlayan həyat məktəbi

Hüseyn Əli oğlu İskəndərov 1944-cü il oktyabrın 13-də Bakıda dünyaya gəlib. Ailəsi İsmayıllı rayonunun Mücü kəndindən olub, repressiya illərində Bakıya köçüb. İskəndərlilər nəsli o bölgədə milli-mənəvi dəyərlərə bağlı, xeyirxah və mərd insanlar kimi tanınıb.

Ailənin ağsaqqalı, H.İskəndərovun atasının böyük qardaşı Babakişi əmi 1918-ci ildə erməni-daşnak dəstələrinə qarşı vuruşmaq üçün kənd camaatından təşkil olunmuş özünümüdafiə dəstəsinə baçşılıq edib, həm də xeyriyyə işləri və insanlara əl tutması ilə tanınıb. Babakişi əminin Mücü kəndində çəkdirdiyi bulaq hələ də kəndin şirin su təmin olunmasına xidmət edir. Bulağın üzərində dahi qəzəlxanımız Vahidin Babakişi əmiyə ithaf elədiyi misralar indi də qalır. Hüseyn İskəndərov uşaqlıqdan fəallığı və çalışqanlığı ilə seçilib. Həm məktəbdə əlaçı olub, həm də Bakının özünəməxsusluğu və sərt küçə qanunları ilə seçilən “Sovetski” məhəlləsində həmyaşıdları arasında hörmət qazanıb. 

Yeniyetmə Hüseyn müharibədən sonrakı çətin illərdə ailə qayğılarının da nə olduğunu tez öyrənib. Riyaziyyatı əla bilən Hüseyn dərsdən sonra atası Əliqasim kişiyə dükanda mühasibat işlərində kömək edib.

Orta məktəbi əla qiymətlərlə bitirən Hüseyn İskəndərov uşaqlıq arzusu olan mühəndis ixtisasına yiyələnmək üçün Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayır. Həmin illərdə gənc Hüseyn İskəndərov neft-qaz sənayesində çalışan perspektivli mühəndis hesab edilirdi. Lakin taleyin gənc mühəndislə bağlı başqa planları var idi...

Gənc mühəndisin “çekistliyə” gedən yolu


Ötən əsrin 60-cı illərində dövlət təhlükəsizliyi orqanlarında işləyən azərbaycanlıların sayı çox az idi. Seçilən kadrlar isə ailə kökləri daxil olmaqla orqanlar tərəfindən çox ciddi şəkildə yoxlanılır, yalnız partiya nomenklaturasına yaxın olan, sədaqətlərini təsdiq edənlər xüsusi xidmət orqanlarında işə qəbul olunurdu. 

Hüseyn İskəndərovun isə nəinki sovet nomenklaturası ilə əlaqəsi olmamış, əksinə, 1930-cu illərdə İskəndərov ailəsi “milli burjuaziya” təmsilçisi kimi repressiyalara məruz qalmış, hətta bir müddət səsvermə hüququndan məhrum edilmişdi.

Ancaq 1964-cü ildə Heydər Əliyev Azərbaycan DTK-nın rəhbərliyinə gəldikdən sonra, tədricən bu sistemdə milliləşmə prosesi başlanır.

Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək İttifaqın xüsusi xidmət məktəblərinə daha çox azərbaycanlı gəncləri göndərməyə başlayır. Təbii ki, bunun üçün yeni kadrların seçimində kəskin tələblər yumşaldılır, şəxsi keyfiyyətlərə daha çox üstünlük verilməyə başlayır. 

Əlbəttə, gənc mühəndis Hüseyn İsgəndərov bütün bunları bilmədiyi üçün DTK-ya işə qəbul olunacaq namizəd kimi seçilməsi, yoxlamalardan uğurla keçməsi, nəhayət, işə qəbul olunmasına izah tapa bilmirdi. Bütün bu sualların cavabını o, yalnız 1969-cu ildə DTK-nın Minskdə yerləşən ali məktəbinə göndəriləndə DTK-nın sədri general-mayor Heydər Əliyevlə görüşdə tapır.

Həmin dövrdə ixtisaslaşmış təhsilə ezam edilən hər bir əməkdaşla DTK sədri ayrı-ayrılıqda görüşüb söhbət edib. İskəndərovun da DTK sədri general Əliyevlə ilk görüşü o zaman baş tutur və bu görüş, Heydər Əliyevlə qısa söhbət onda dərin iz buraxır.

Görüş zamanı Heydər Əliyev Minskə oxumağa göndərilən gənc kadra tövsiyələrini verir. Partnomenklatura funksionerlərinin əksəriyyətindən fərqli olaraq, Heydər Əliyev bayağı ifadələr deyil, daha konkret və vacib mövzulardan söz açır, Hüseynə Minskdə təhsil alarkən Azərbaycanı təmsil edəcəyini unutmamağı tapşırır.

“Dedi ki, respublika xüsusi xidmət orqanlarında milli kadrlara etibar artdığı üçün hər bir müdavimin davranışı bütövlükdə milli kadrlar haqqında rəy formalaşdıracaq” – Hüseyn İskəndərov çox sonralar görüşü belə xatırlayacaqdı.

Məhz bu görüşdən sonra gənc müdavim respublika təhlükəsizlik orqanı rəhbərliyinə "milli adamın" gəldiyi əmin olur və özünün də bu sistemə qəbulunun təsadüf olmadığı qənaətini doğurur. Heydər Əliyevin tövsiyələri onda xüsusi məsuliyyət hissi yaradır. Bu səbəbdən də Hüseyn İsgəndərov Minsk Ali Məktəbini - ilk dəfə rus dilində təhsil almasına baxmayaraq - bütün fənlər, ən əsası da, ixtisas fənləri üzrə əla qiymətlərlə bitirir.

Heydər Əliyevi müşayiət qrupu 


Minsk Ali DTK məktəbini əla qiymətlərlə bitirən Hüseyn İkəndərov Bakıya – Azərbaycan DTK-ya təyinat alır. Çox tezliklə gənc əməliyyatçı İskəndərov artıq Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevin rayonlara səfərlərinin əməliyyat təminatını həyata keçirən qrupa qəbul edilir. Qrupun əsas vəzifəsi regionlarda ictimai-siyasi ab-havanı təhlil edərək Birinci katibin tələb etdiyi şəkildə obyektiv məruzələr hazırlamaq, respublika rəhbərini səfərlərdə müşayiət etmək idi.

Hüseyn İskəndərov xatırlayırdı ki, qrupda fəaliyyəti dövründə o, Azərbaycanın əksər rayonlarını qarış-qarış gəzmişdi. Yaxınları xatırlayır ki, bəzi gərgin illərdə Heydər Əliyevlə ilin demək olar ki, üçdə birini ölkənin müxtəlif şəhər və rayonlarında səfərlərdə olurdu. Hər bir səfər həm də həmin bölgəni araşdırmaq demək idi. Bu həm də H.Əliyev məktəbində gənc zabitin keçdiyi ikinci – siyasi məktəb təhsili idi. 

Tibb Universitetinin kuratoru


Hüseyn İskəndərov sonrakı illərdə Bakıda mühüm posta – DTK-nın Tibb Universitetindəki kuratoru təyin olunur. Hüseyn İskəndərov Tibb Universitetində rutin DTK zabiti iş ilə kifayətlənməyib, səlahiyyətlərindən istifadə edərək çətinliyi, ehtiyacı olan tələbələrə dəstək olub. 

Hüseyn İskəndərov 80-ci illərdə DTK-nın Bakının iki mühüm rayon bölməsinə - Nərimanov və Nəsimi bölmələrinə rəhbərlik edib. Burada da o, həyat prinsiplərinə sadiq qalıb. 

“1980-ci illərin ortalarında Bakının Nərimanov rayonunda o dövrün şərtlərinə görə ciddi bir qalmaqal baş verir: Mərkəzi prospektlərin birində Brejnevin böyük portretinə zərər vurulur, ulduzlar kəsilib götürülür. Xəbər ildırım sürəti ilə yayılır, Azərbaycan DTK-nın rus əsilli sədri Vitali Krasilnikov hadisəni Moskvaya siyasi-ideoloji təxribat kimi təqdim etməyə çalışır. Şübhəsiz ki, bu halda hadisəni törətmiş şəxsi ağır cəza gözləyəcəkdi.

Krasilnikov rayon şöbəsinin rəisi Hüseyn İsgəndərova öz kabinetində tapşırıqlarını verir və elə oradan Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevə telefonla məruzə edir. Lakin Heydər Əliyev DTK sədrinin məruzəsi ilə kifayətlənmir, bilavasitə rayon rəisi ilə danışaraq ona hadisəni araşdırıb dəqiq səbəblərini öyrənməyi tapşırır. 

Hüseyn İskəndərov sonralar xatırlayırdı ki, Heydər Əliyevlə telefon söhbəti zamanı hiss edib ki, Krasilnikovdan fərqli olaraq Heydər Əliyev hadisənin böyüdülüb siyasi don geydirməyin tərəfdarı deyil. 

DTK əməliyyatçıları hadisəni tez bir zamanda açırlar. Məlum olur ki, fəhlələrdən biri ailəsi ilə münaqişə etdikdən sonra "qisasını" sovet liderinin plakatından alıb. Heydər Əliyevin yanaşmasını rəhbər tutan Hüseyn İskəndərov məsələni olduğu şəkildə, məişət hadisəsi kimi məruzə edir. Nəticədə fəhlə ilə profilaktik söhbət aparıldıqdan sonra o, sərbəst buraxılır.

“Sürgün” illəri

Yuxarıda da qeyd olunduğu kimi, Bakının Nəsimi rayonunda DTK şöbəsinə rəhbərlik edərkən Moskvadan gələn DTK emissarlarına verdiyi cavab ona karyerası bahasına başa gəlir. Bakının ən mühüm rayonunda xalq etirazına haqq qazandıran, ya da mərkəzdən gələn “çekistlərin” ifadəsi ilə “çəhrayı eynəklə” baxan Heydər Əliyevin kadrına etibar etmək olmazdı. Bu səbəbdən də Moskvaya göndərilən hesabatdan qısa müddət sonra Hüseyn İskəndərov haqqında “tədbir görülməsi” qərar alınır. 

Əvvəlcə onu “sistemdən” tamamilə xaric eləmək üçün Hüseyn İskəndərova şərlənməyə cəhd edirlər. Bu plan alınmadıqda da isə bu dəfə vəzifəsi aşağı salınaraq Şamaxı şöbəsinə rəis müavini – Ağsu rayonunun kuratoru vəzifəsinə göndərilir. 

Bakıda ən böyük rayonlardan birinin rəhbəri Şamaxıda rəis müavini və rayon kuratoru təyin olunması faktiki olaraq “sürgün” idi. Üstəlik bu sürgünün öz qaydaları var idi, DTK zabiti ailəsini görmək üçün Bakıya belə xüsusi icazə aldıqdan sonra gedə bilirdi. 

Lakin bütün bunlara rəğmən Hüseyn müəllim dəyişmir, prinsiplərə sadiq qalır. Şamaxıda işlədiyi dövrdə yenə də insanlara hüsnü-zənlə yanaşır, onların problemlərini həll edir, qayğılarına qalır. 

Məhz Hüseyn İskəndərovun səyləri nəticəsində 1990-cı il 20 yanvar hadisələri zamanı Azərbaycanın rayonları arasında yalnız Ağsuda həbslər olmur. Belə ki, mərkəzdən gələn təlimat əsasında Ağsudan da bir neçə nəfərin həbsi ilə bağlı hazırlıq görülür, Qarabağa göndərilmək üçün yığılan silah və vəsait “dövlət çevrilişinə cəhd”in dəlilləri kimi qələmə veriləcəkdi.

Ancaq DTK-nın yerli kuratoru Hüseyn İskəndərov gecə ikən yerli vətənpərvər fəallarla danışaraq toplanan pulun köhnə tarixlə rayonun inkişaf fonduna, silahları isə guya kəndlərdə ev heyvanlarına hücum edən canavarları ovlamaq üçün yaradılmış könüllü qrupu üçün yığıldığı barədə sənəd hazırladır. Beləliklə, ölkə üzrə yeganə rayon olaraq Ağsu olur ki, burada 20 yanvar həbsləri baş vermir.

Ali Sovetin deputatı - Müstəqillik haqqında Aktı imzalayan milli zabit


1990-cı ildə Azərbaycan Ali Sovetinə seçkilərdə DTK-nın Şamaxı bölməsinin rəis müavini Hüseyn İskəndərov da namizədliyini işlədiyi rayondan irəli sürür. Bunun bir səbəbi də xalq arasında ona olan hörmət və etibar idi. H.İskəndərov respublika üzrə deputat mandatina yiyələnən tək rəis müavini olaraq seçkiləri qazanır. 

Hüseyn İskəndərovun deputat kimi gördüyü ən yaddaqalan işlərdən biri də Şamaxı cümə məscidinin ibadətə açılması olub. Bilindiyi kimi, Şamaxı Cümə məscidi 1918-ci ildə daşnaklar tərəfindən yandırılıb. Şamaxı Cümə məscidinin yenidən ibadətə açılması üçün Hüseyn İskəndərov şəxsi əlaqələrindən istifadə edir, SSRİ rəhbərliyində təmsil olunan Nikolay Baybakov vasitəsilə Moskvadan icazə alır. Şamaxı məscidinin açılması H.İskəndərov üçün 1918-ci ildə Şamaxını ermənilərdən müdafiə edərkən şəhid olmuş əmisinin ruhu qarşısında mənəvi borcu idi.

Tarix elə gətirdi ki, məscidin bərpasından sonra açılışında iştirak etmək İskəndərov ailəsinin başqa üzvünə nəsib oldu.

2013-cü ildə Prezident İlham Əliyevin göstərişi əsasında Şamaxı Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edildikdən sonra bölgə dindarlarının istifadəsinə verildi. Məscidin işinin yenidən təşkili və açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin o dövrkü sədri Elşad İskəndərov da iştirak edirdi. Hüseyn İskəndərovun Şamaxı cümə məscidi ilə bağlı arzusu çin olmuşdu. 

1991-ci ildə Azərbaycan Ali Soveti Müstəqillik bəyannaməsini qəbul edir. Bəyannamədə Azərbaycan Ali Sovetinin deputatı Hüseyn İskəndərovun da imzası var idi. Bu imzanı sonralar Hüseyn İskəndərov həyatının ən dəyərli hadisələrindən biri kimi qeyd edirdi. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən Bakıya qayıdan Hüseyn İskəndərov Milli Təhlükəsizlik Nazirliyində yüksək post tutur və müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşmasında yaxından iştirak edir. 

Sovet illərinin Kərbəla zəvvarı 


Polkovnik Hüseyn İskəndərov həm də mənəvi dəyərlərə, inancına bağlı insan olub, və bu mənəvi prinsiplər onun həm zabit kimi xidmətinin həm insanlara yanaşmasının əsasını təşkil edib. 

1970-ci illərdə Hüseyn İskəndərov DTK zabiti kimi respublikanı təmsil edən mədəniyyət və idman heyətləri ilə birlikdə xarici səfərlərdə onları müşayiət etmişdir. Belə səfərlərdən biri də Azərbaycan futbolçuları ilə birgə İraqa olmuşdur. Səfər çərçivəsində qonaqlar üçün İraqın bir neçə tarixi məkanına ekskursiyalar təşkil edilir. Azərbaycanlı heyət isə proqramda olmasa da Kərbəla şəhərinə getməyi, İmam Hüseynin (ə) məqbərəsini ziyarət etmək istəyirlər. 

Hüseyn İsgəndərov Bağdadda sovet kəşfiyyatının nümayəndəsi ilə görüşərək nümayəndə heyətinin Kərbəlaya səfər etmək istədiyini bildirir. Sovet rezidentini inandıra bilir ki, Kərbəlaya səfər zamanı dahi şairimiz Füzulinin məzarının ziyarət olunacaq.  

Bildiyimiz kimi, Məhəmməd Füzulinin məzarı da Kərbəlada, İmam Hüseyn məqbərəsinin daxilində yerləşir.

Məhz bu səbəbə görə, Azərbaycan heyəti Heydər Əliyevin "Sovet Azərbaycanı ilə Şərq ölkələri arasında mədəni əlaqələrin genişlənməsi siyasətinə” uyğun olaraq Kərbəla şəhərini ziyarət etməyə nail olur.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Həcc ziyarətinə gedən Hüseyn müəllim vacib Həcc əməlini yerinə yetirib. 
 

Həyatı təlatümlərdən, çətinliklərdən keçmiş Hüseyn İskəndərov ailəsinə bağlı, mehriban ata, qayğıkeş baba olub. Ailə üzvləri xatırlayır ki, o, hər zaman işdəki çətinlikləri ailəsinə hiss etdirməməyə çalışıb. Övladlarını, nəvələrini mənəviyyata bağlı, vətənpərvər kimi yetişdirib.


Hüseyn İskəndərov onu tanıyan hər kəs üçün dəyərlərinə bağlı, xeyirxah, nəcib və ən əsası insanlar hüsnü-zənlə yanaşan insan olaraq qalır. 

K.Rövşəhoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO