"Oğlumla fəxr edirəm. Sözün əsl mənasında fəxr edirəm, qürur duyuram. Oğlumu təkbaşına zülmlə və min-bir əziyyətlə böyütmüşəm. Təsəllim odur ki, yeganə oğlum Azərbaycanın azadlığı naminə canını qurban verib".
Bu sözləri Qusarın İmamqulukənd kəndindən olan Vətən Müharibəsi şəhidi Murad Məmmədovun anası Caminat Məmmədova Bizim.Media-ya oğlu ilə bağlı xatirələrindən danışarkən deyib.
Ana subay olan Muradın 4 bacının yeganə qardaşı olduğunu bildirir:
“Mənə və bacılarına onun toyunu görmək nəsib olmadı”.
Murad Məmmədov 25 yaşında Suqovuşanda şəhid olub. Anasının sözlərinə görə, hərbi xidmətdən sonra müddətdən artıq qulluğa başlayan Murad doğma kəndi İmamqulukəndə 2020-ci ilin may ayında gəlmişdi. Caminat xanım on günlük məzuniyyətdən sonra mayın 31-də hərbi hissəyə qayıdan Murad evdən çıxarkən onunla sağollaşmağa imkan vermədiyini və onun sevdiyi bir mahnıdan zümzümə edərək getdiyini nisgilliklə xatırlayıb:
"Həyat bir gündür, o da bu gündür, gələcəyəm, dide (Ləzgicədə: ana – red.). Məni qucaqlama, sarılma mənə, gələcəyəm mütləq".
Şəhidin anası deyir ki, oğlu heç vaxt müharibə başladığını, harada olduğunu deməyib, hamı ilə nikbin danışırdı.
Heç vaxt bədbin olmazdı.
Caminat xanım oğlunun son dəfə onlara 2020-ci il oktyabrın 9-da səhər saat 8.15-də zəng etdiyini, amma telefonda enerjinin bitməsi səbəbindən oğlunun axırıncı zəngini qəbul edə bilmədiklərini təəssüflə söylədi. Ertəsi gün, yəni oktyabrın 10-da Murad Məmmədov saat 11.20-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 12-də isə İmamqulukənd kənd məzarlığında torpağa tapşırılıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov Murad Məmmədov İmamqulukənd kəndinin Qarabağ Müharibəsində verdiyi 3 şəhidindən biri olduğunu deyir. Onun məlumatına görə, anım günündə doğmaları, ailə üzvləri, yerli sakinlər və rayon rəsmiləri Muradın xatirəsini hörmət və ehtiramla anıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 14.10.2024
“Son telefon zəngini aça bilmədim...” – Anasının şəhid Murad Məmmədovla bağlı XATİRƏLƏRİ – FOTO/VİDEO
Hazırda oxunan: “Son telefon zəngini aça bilmədim...” – Anasının şəhid Murad Məmmədovla bağlı XATİRƏLƏRİ – FOTO/VİDEO
Hazırda oxunan: “Son telefon zəngini aça bilmədim...” – Anasının şəhid Murad Məmmədovla bağlı XATİRƏLƏRİ – FOTO/VİDEO
215983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.