Sabiq deputat Hüseyin Abdullayevin anası məhkəmədə oğluna qarşı ifadə verməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O deyib ki, H.Abdullayevi 1995-ci ildən tanıyır:
"Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam".
Şahid ibtidai istintaq zamanı H.Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatının olub-olmadığı ilə bağlı suala cavabında bu barədə məlumatının olduğunu, eləcə də H.Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib.
"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyin Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi.
Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayət edirdim", - şahid deyib.
Cinayət işi üzrə dindirilməli olan növbəti şahid H.Abdullayevin anası Zeynəb Abdullayevdir ki, o da oğlunun əlehinə ifadə verməkdən imtina edib.
Daha sonra hakim iş üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib.
Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H. Abdullayev barəsində heç bir şikayəti yoxdur.
"Hüseyin Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda məni yaşadığım evdən köçürmək üçün işçisi Nüsrət adlı şəxs pul təklif etmişdi, lakin biz köçməkdən imtina etmişdik. Buna görə də, evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq", - deyə şahid vurduğu teleqramda bildirib.
Daha sonra digər şahid Nüsrətddin Babayevin də məhkəmə vurduğu teleqram elan olunub. O da H.Abdullayeva qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası 17 oktyabra təyin olunub.
Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 03.10.2024
“Quska”nın anası məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ
Hazırda oxunan: “Quska”nın anası məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ
Hazırda oxunan: “Quska”nın anası məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ
214373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.