BMT Baş Assambleyası yeni sammitə hazırlaşır.
Bizim.Media “Kommersant” nəşrinə istinadən xəbər verir ki, “Gələcəyin Sammiti”adlanan tədbirə dünya liderləri və beynəlxalq ekspertlərin qatılması gözlənilir. Sentyabrın 22-si və 23-nə planlaşdırılan “Gələcəyin Sammit”i BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçiriləcək.
“Gələcəyin Sammiti”ndə prioritet nədir?
MÖVZU İLƏ BAĞLI:
BMT TŞ-nin yeni müvəqqəti üzvləri SEÇİLDİ
İki gün davam edəcək tədbirin gündəliyi çox geniş və əhatəlidir. Sammit iştirakçıları bəşəriyyəti narahat edən demək olar ki, bütün məsələləri müzakirə etməyə dəvət olunur. Müzakirəyə beynəlxalq sülh və təhlükəsizlikdən tutmuş qlobal idarəetmə islahatlarına, insan hüquqlarına, iqlim böhranına və gender bərabərliyi məsələləri daxildir. Sammitdə yüksək rütbəli məmurlarla yanaşı, çoxlu sayda qeyri-hökumət sektorunun nümayəndələri dəvət alıb. Onların ümumi sayı təxminən 7 min nəfərdir.
Tədbirin ilk günündə Gələcək üçün Paktın, eləcə də ona əlavələrin - Qlobal Rəqəmsal Sazişin və Gələcək Nəsillər haqqında Bəyannamənin qəbulu planlaşdırılır. 30 səhifəlik Gələcək Paktı dövlətlərdən aclıq və yoxsulluq, bərabərsizlik, beynəlxalq münaqişələr və iqlim dəyişikliyi kimi problemlərin həlli üçün “əllərində olan bütün vasitələrdən” istifadə etməyə söz vermələrini xahiş edir. BMT-nin Baş katibi hökumətləri bütün bu problemlərin həlli üçün “cəsarətli addımlar” atmağa çağırır.
Təhlükəsizlik Şurası ləğv edilir, yoxsa yenidən qurulur?
Lakin “hər şeyin xeyrinə, bütün pisliklərə qarşı” ruhunda tərtib edilmiş bu cür bəyannamələrin praktiki əhəmiyyəti bir çox müşahidəçilər arasında suallar doğurur. Buna baxmayaraq Antonio Quterreş hesab edir ki, dövlətlərin bu paktı imzalamaması “faciə” olardı.
Eyni zamanda, o, BMT-nin bəzi strukturlarının zamanla ayaqlaşmadığını və yenidən formalaşmasına ehtiyac duyduğunu etiraf edir. Bu cür strukturlar arasında paktda Təhlükəsizlik Şurasının da adı çəkilir. Onun fikrincə Təhlükəsizlik Şurası “daha ədalətli bir təmsilçiliyə” çevrilməlidir.
Antonio Quterreş bununla bağlı fikirlərini belə ifadə edib:
“Biz nəvələrimiz üçün yaradılan strukturlardan istifadə edib nəvələrimiz üçün gələcək qura bilməyəcəyik".
Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının səmərəsizliyi və bəzi dövlətlərin əlində alət olması barədə söz-söhbətlər son vaxtlar çoxalıb. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın TŞ barədə dediyi “dünya 5-dən ibarət deyil” fikri artıq bir aforizmə çevrilib. Ona görə də Baş katib TŞ-ni yeni formada canlandırmaq istəyir.
Daha hansı qərarlar qəbul ediləcək?
“Gələcəyin Sammiti”nin əsas yekun sənədini daha iki sənəd - Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə də daxildir. Birincisi rəqəmsal texnologiyalara və onların gələcəkdə tətbiqinə aiddir. Müqavilə layihəsində həmçinin ölkələrin süni intellektdən istifadə zamanı etikaya riayət etmək və qorunan və təhlükəsiz onlayn məkanı təmin etmək istəyindən bəhs edilir. Bəyannamə dövlətləri gələcək nəsilləri müxtəlif fəlakətlərdən xilas etmək üçün öhdəlik götürməyə dəvət edir. Digər məsələlərlə yanaşı, BMT-də gələcək nəsillər üzrə xüsusi elçi vəzifəsinin yaradılması təklif edilir. Onun vəzifələrinə BMT-də gələcək nəsillərin maraqlarını təmsil etmək və müdafiə etmək, üzv dövlətlərin müraciətləri üzrə məsləhətləşmələr aparmaq və hesabatların təqdim edilməsi daxildir.
“Gələcəyin Sammiti” ideyası BMT-yə üzv dövlətlərin Antonio Quterreşə cari və gələcək problemlər və təhdidləri həll etmək xahişlərinə cavab olaraq ortaya çıxıb.
Surxay Atakişiyev, Bizim.Media