“Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında arxeoloji tədqiqatlatlar iyul ayının 15-dən başlayıb. Tədqiqatlar zamanı qalada otaqlar, miniatur saxsı materiallardan hazırlanan kaşılar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb”.
Bu barədə ekspedisiyanın rəhrəbi, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Bizim.Media-nın yerli bürosuna açıqlamasında məlumat verib.
Onun sözlərinə görə aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir:
“Həmin kaşıların qalada aşkar olunması, burada memarlıq üslubunda olan çox möhtəşəm bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq. Fundamentin ərazisində, bunu ona görə qeyd edirik ki, döşəmə qatlarının hər bir tikinti qalıqlarının otaqların daxilində aşkar olunmaqdadır. Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomen qaladır və el arasında buna Divəkə qalası, divlər evi adlandırılır.
Sözügedən eksponatlara başqa hansı bölgələrdə rast gəlinir?
Ekspedisiyanın üzvü Ülkər Camalova bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir:
“Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər füruzəyi rənglərlə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara rəngli, ağ rəngli həmçinin şirli nümunələrinə daha çox rast gəlinir.
Azərbaycanda kaşının ən gözəl nümunələri XIII əsrdən hazırlanmağa başlanılıb. Bu cür nümunələrə Cənubi Azərbaycanda hal-hazırda yerləşən Marağa şəhərində Qırmızı Gümbəz adlanan abidədə rast gəlindi. Daha sonra Təbrizdəki Göy Məscidi göstərə bilərik ki, burda kaşılardan geniş istifadə olunurdu. Daha sonra Pirhüseyn Xanəgahını, Bərdə Türbəsini göstərə bilərik.
Naxçıvanda Möminəxatun Türbəsi məhz kaşılardan üzəri dekarativ estetik görünüşünü bəzəyən kaşılardan istifadə olunub. Hal-hazırda gördüyünüz bu müxtəlif rəngli kaşılar Özbəkistanda 1334-1434-cü illərə aid olan keramika nümunəsi ilə oxşarlıq təşkil edir”.
Qeyd edək ki, Alaşa kəndi ərazisində, 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişa qalası, İran İslam Respublikası ilə həmsərhəddir. Qaladan həmçinin Xəzər dənizi açıq müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə salınıb.
Sabutay, Bizim.Media, Cənub bürosu