Bu gün Xalq artisti Arif Quliyev gözlərini əbədi olaraq həyata yumdu. Azərbaycan incəsənəti bir gülüş ustasını, təbəssüm ikonasını itirdi. Arif Quliyevin yaratdığı bənzərsiz rolları, duzlu zarafatları xalqın qəlbində, yaddaşında hər zaman yaşayacaq. İllər keçsə də O xatırlananda hər zaman simalarda bir təbəssüm oyadacaq. O, təkcə Xalq artisti deyildi, O, əsl xalqın artisti idi.
Arif Quliyevin itkisi xalqı kədərləndiyi qədər, sənət dostlarını da yasa boğub.
Onlar Xalq artistinin itkisini Azərbaycan səhnəsində böyük bir boşluq kimi qiymətləndiriblər.
Bizim.Media Arif Quliyevin sənət dostları ilə əlaqə saxlayıb, onlardan Xalq artisti ilə bağlı fikirlərini öyrənməyə çalışıb.
Xalq artisti Valeh Kərimov bildirib ki, hazırda Arif Quliyevin dəfn mərasimindən iştirak edir.
“Arif Quliyev xalqın çox sevdiyi sənətkar idi. O, hər zaman olduğu yerə sevinc, şadlıq gətirirdi. Onun aktyor kimi özünə məxsus yaradıçılığı var idi. Onun yoxluğu Azərbaycan səhnəsi üçün bir itkidir. Bu gün bizim mədəniyyətimiz böyük bir sənətkar, pozitiv bir insanı itirdi ”, - deyə o, qeyd edib.
Xalq artisti Afaq Bəşirqızı Bizim.Media-ya açıqlamasında həmkarının itkisini ürək yanğısı ilə qarşıladığını bilridib.
Arif Quliyevin ölümündən danışan sənətkar göz yaşlarını saxlaya bilməyib:
“Bu acı xəbər mənə çox pis təsir etdi. Azərbaycan mədəniyyəti itirə-itirə gedir. Son bir neçə ildə çox böyük sənətkarlarımız əlimizdən getdi. Bu gün Azərbaycan səhnəsi böyük bir sənətkarını itirdi”.
Xalq artistinin digər həmkarı, əməkdar artist Novruz Qartal isə Arif Quliyevi bu sözlərlə xatırlayıb:
“Arif Quliyevin həyatı böyük əziyyətlər içində keçib. Yetim uşaq olub, atasız-anasız böyüyüb. Onun vəfatı mənə çox pis təsir etdi. Xəbəri eşitdiyimdən bəri özümə gələ bilmirəm. Gecə - gündüz onun üçün dua edirdim. Çox heyif. Biz böyük bir insan, şəxsiyyəti itirdik. Allah rəhmət etsin”.
Qeyd edək ki, Xalq artisti Arif Quliyev bu gün müalicə aldıığı xəstəxanada həyatını itirib. O, bir müddət əvvəl COVİD-19 virusuna yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi ki, süni tənəffüs aparatına qoşulmuşdu.
Aliyə İlyas, Bizim.Media