Daha 71 diplom tanınmayıb – Xaricdə təhsil şirkətləri uşaqları niyə yararsız universitetlərə GÖNDƏRİR?

Daha 71 diplom tanınmayıb – Xaricdə təhsil şirkətləri uşaqları niyə yararsız universitetlərə GÖNDƏRİR?

Hazırda oxunan: Daha 71 diplom tanınmayıb – Xaricdə təhsil şirkətləri uşaqları niyə yararsız universitetlərə GÖNDƏRİR?

201074

Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Tələbə olma istəyənlər niyə sağlam seçim etmirlər? 

Son illər xaricdə təhsilə maraq artsa da, tələbələrin çoxu xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Bu isə onların sağlam seçim etməmələrindən irəli gəlir. 

Məsələ ilə bağlı Bizim Media-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib ki, adətən universitetə qəbul ola bilməyən abituriyentlər xaricdə təhsil şirkətlərinə üz tuturlar:

Xaricdə təhsil şirkətləri uşaqları yararsız universitetlərə göndərirlər

“Xaricdə təhsil şirkətləri hər il ixtisas seçimi başa çatdıqdan sonra fəaliyyətə başlayır və təbii ki universitetə qəbul ola bilməyən şəxslər üçün onların uğursuzluqlarından və yaşadıqları psixoloji problemlərdən istifadə edərək dırnağarası təkliflərini irəli sürürlər. Mövcud situasiyadan istifadə edərək uşaqları yararsız universitetlərə göndərirlər.

Biz universitetin yararsızlığınını onun təhsil sistemiylə ölçmürük. Bir universitetin yararlılığını göstərən əsas detallardan biri onun diplomunun tələbənin yaşadığı ölkədəki keçərlilik faizidir. Həmin diplom keçərli olmayacaqsa, əmək bazarında tələbəyə işləmək üçün bir vasitə olmayacaqsa deməli bunun o qədər də əhəmiyyəti olmayıb. 

Xaricdə təhsil şirkətlərinin əksəriyyəti bu detallara diqqət etmirlər. Elə situasiya yaranır ki abituriyentlər bəzən hərbi xidmətə yollanmasınlar deyə, bəzən də ətrafın qınağından xilas olsunlar deyə o qədər də presteji olmayan və etibarlı təhsil sənədi təqdim etməyən universitetləri seçirlər.  Burda məsələnin bir nömrəli problemi universitetə baxış mexanizmindədir. Biz universitetə müəyyən ixtisas üzrə kadr hazırlaşdıran müəssisə kimi yox, əmək bazarına kadr hazırlayan müəssisə kimi yox, akademik pillədə irəliləmək üçün bir etap kimi yox, olmazsa olmaz, olum və ölüm prinsipindən doğan həyati bir hal kimi baxırıq” , - deyə o bildirib. 

“Azərbaycanda universitetə qəbul sadələşdirilməlidir”

Ekspert problemin həllini təhsildə və universitetə qəbul prosesində bir sıra dəyişikliklərin edilməsində görür.

“Birinci növbədə xaricdə təhsil mərkəzlərinə rəsmi dövlət qurumları tərəfindən nəzarət gücləndirilməlidir və onlarla bağlı lisenziyalaşdırma prinsipi həyata keçirilməlidir. Əgər varsa da, həmin lisenziyalarda müəyyən öhdəliklər öz əksini tapmalıdır. 
Ən yaxşısı isə öz tələbələrimizin öz universitetlərimizdə təhsili üçün işlər görməkdir. Universitetlərin giriş qapılarını gen açmaq, çıxış qapılarını isə kip bağlamaq lazımdır. Əksər xarici ölkələrdə universitetlərə qəbul prinsipi o qədər də çətin deyil. Bizdə isə nə qədər şəffaflıq və obyektivlik olsa da, etiraf edək ki, qəbul prinsipləri çox ağırdır. Qəbul sadələşdirilməli və eyni zamanda universitetdə oxumaq və tələb prinsipləri artırılmalıdır. Bu təhsilə daha çox effekt verər”. 

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO