Məlum olduğu kimi ötən gün hicri-qəməri tarixi ilə Məhərrəmlik ayı başlayıb. Bu ayın başlanmasıyla bütün müsəlman aləmində peyğəmbər Əhli Beytinin və İmam Hüseynin Kərbəladakı mücadiləsi ehtiramla xatırlanır. Kərbəla hadisələri bəşəriyyət üçün bir örnəkdir.
Bununla belə bəziləri Kərbəla vaqiəsini iki ərəbin taxt üstündə qovğa etməsi kimi xarakterizə edir. Bəziləri də bu hadisənin bizə, başqa xalqlara aidiyyatı olmadığını deyir.
Bəs, həqiqət necədir?
Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, dini və tarixi bilməyən, öz xalqımızın mənəvi dəyərlərinin kökündən uzaq adamlar məsələyə yanlış yanaşır:
“Biz Babəki də Şah İsmayılı da, hətta Səməd Vurğunu da müəyyən baxış bucağından tənqid edə bilərik, lakin tariximizdən kəsib ata, özgənünküləşdirə bilmərik.
Qəhrəmanlığın milləti və dini yoxdur. O mənada ki, yəhudi millətinə və dininə mənsub olan Albert Aqarunov əksəriyyəti müsəlman olan xalqımız uğrunda canını verib. O mənada ki, dünyada haqq ədalət, sülh uğrunda canını verən şəxslər başqaları üçün də örnəkdir. Ona görə də qəbullanmalıyıq ki, İmam Hüseyn ərəbin deyil, bəşəriyyətindir. O, ümumbəşəri dəyərdir. Başqa dinlərin, hətta dinsizlərin böyük simaları belə İmam Hüseynin qəhrəmanlığını tərənnüm edib onun şücaətindən, ədalətindən nümunə götürüblər və buna səsləyiblər”.
Müsahibimiz maraqlı bir tarixi xatırlama da edib:
“Moisey Kalankatlunun yazdığına görə xəlifə taxtına oturmuş Yezid (680-683) Qafqaz Albaniyasının hakimi Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı. Ölkə ərəblərə xərac verməkdə davam edirdi. Bir sözlə Qafqaz Albaniyası Kərbəla hadisəsi baş verən ilərdə Yezidin vassalı idi. Demək tarixi cəhətdən bu hadisənin bizə də aidiyyəti vardı.
Yezid indiki Azərbaycan əhalisindən aldığı bac-xəracla qətliamlar törədir, müqəddəs yerləri viran edir, Peyğəmbər Əhli Beytinə divan tuturdu. Həmçinin Azərbaycanı istismar edirdi, xərac alırdı. Həmin dövrdə Azərbaycan əhalisi Yezid kimi qaniçən şəxsin yerinə Peyğəmbər nəvəsinin xilafətə gəlməsini istəməzdimi? Əlbəttə istəyərdi.
Əgər Yezid yox, İmam Həsən, yaxud Hüseyn olsa idi vəziyyət necə olardı? Təbii ki, ərəblərin istismarı, işğalı, yağmaları, həddən artıq məbləğdə əhalidəm aldıqları cizyə, vergi növləri təbii ki, başqa cür olardı. Qarışqaları ayaqlamasın deyə Kufəyə gedərkən yolunu dəyişib susuz Kərbəla çölündə özünü bəlaya salan İmam Hüseynlə həmin Hüseynin başını nizəyə taxdıran Yezidin Azərbaycandan aldığı vergi eyni olardımı?
Təbii ki, xeyr. Bəlkə də ərəblərin istilasına görə İslamı könüllü qəbul etməyib külli miqdarda vergi verməyə razı olan Qafqaz Albaniyası əhalisi İmam Hüseynin bir xütbəsi ilə müsəlman olub bütün vergidən azad ola bilərdi. Məhz Müaviyyə kimi, Yezid kimi şovinist rəhbərin rəiyyəti olmamaq üçün xalqlar İslam dinini qəbul etmir, ac qalmaq da varsa cizyə verməyə vadar olurdular. Bir sözlə, Yezid kimi adamla eyni dini paylaşmaq istəmirdilər”.
İmam Hüseyn türklərə qarşı vuruşub?
Tural İrfan hesab edir ki, nə İmam Əli, nə digər Əhli Beyt imamları nə də başqaları Əməvilərin fəth adı ilə etdiyi işğallarda iştirakçı olmayıblar:
“Bəzi “tarixçilər” yazır ki, guya Müaviyyə zamanında oğlu Yezidin komandanlığı altında İmam Hüseynin də iştirakı ilə bəzi türk şəhərlərini mühasirəyə alıb. Bunlar əsassız və zəif rəvayətlərdir. Çünki, imam Hüseyn heç zaman Yezidi və onun hakimiyyətini qəbul etməyib.
Taxt davası məsələsinə gəlincə isə - İmam Hüseyn əsla taxt davası etmirdi. Mənsəb savaşına gedən heç zaman bələkdə körpəsini, arvad-uşağını aparmaz, qoşun toplayıb gedərdi. Neçə illər İmam Hüseyn Müaviyyənin səltənəti zamanı heç bir üsyan etmədən sakit həyat sürdü. Əgər rəhbərlik hərisi olsaydı onda da tərpəniş edərdi. Sadəcə, Yezid onu çıxılmaz vəziyyətə saldı.
İmam Hüseyn də heç də ümmətə əl açmırdı ki, gəlin Yezidin yerinə məni taxta çıxarın. O deyirdi ki, sadəcə bu adam layiq deyil, işğalçı, istismarçı, pozğun, zalım və canidir. Əgər Mədinədə valinin onun üstünə göndərib zorla beyətə məcbur etməsə idi İmam Hüseyn şübhlsiz ki, narazı olsa da öz yerində qalacaqdı. Məkkəyə üz tutdu. Gördü orada da onu dinc buraxmırlar. Kifəli Süleyman bin Surəd Xuzainin başçılığı ilə İraqdan gələn dəvət məktublarının da sayı - hesabı yox idi. İmam Hüseyn şəhid olandan sonra məktub yazıb çağıranların başçısı Süleyman və dəstəsi gəlib şəhidlərin məzarı başında 24 saat ağlayıb saç-saqqallarını yoldular, əllərindəki zəncir və qılınclarla başlarını yardılar.
Əsirlikdən qurtulub Mədinəyə gedən İmam Hüseynin sağ qalan oğlu və bacısı Həzrət Zeynəb Kərbəlada ziyarət üçün dayananda o dəstəni orada görüb dəhşətli dərəcədə lənətlədilər, onlara bəd dualar etdilər. Seyid Bin Tavus Lühuf kitabında yazır ki, bu zaman onlar daha da şiddətlə başqalarına döyməyə başladılar.
Yezid Süleymanı niyə öldürmədi?
Bu barədə danışan ilahiyyatçı deyib ki, həmin vaxt İmam Hüseynə məktub yazanların başçısının məhz həmin Süleyman olduğunu bildiyi halda Yezid və adamları onlara toxunmurdular:
“Demək Süleyman da Yezidə işləyən, onun əlinə oynayan xain idi. Fəqət sonra peşman olub dəsti isə guya günahını yumaq üçün üsyana meyl etdi, artıq ondan sonra öldürüldü. Yoxsa o əsl təşklatçı olduğu halda sağ qalmışdı.
Bu və digər faktlar sübut edir ki, İmam Hüseyn taxt və mənsəb üçün yola çıxmırdı və onun buna ehtiyacı da yox idi. Bir neçə il əvvəl qardaşı İmam Həsən Əməvilərin həris olduğu xilafəti Müaviyyəyə dövr etmişdi. Bu da sübut edir ki, İmam Hüseyn taxt hərisi deyildi. Heç bir İmam səltənət üçün, mənsəb üçün etiraza qalxmayıb. Yalnız zülmə, günaha qarşı etiraz edib. Ədalətli hakimlə qarşı dözümlü olublar.
Bir sözlə, İmam Hüseynin hərəkatının fəlsəfəsi haqq, ədalət, ümumbəşəri nizamın bərpası üçün idi”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 08.07.2024
Məhərrəm ayında niyə və nəyə yas saxlayırıq? – MARAQLI DETALLAR
Hazırda oxunan: Məhərrəm ayında niyə və nəyə yas saxlayırıq? – MARAQLI DETALLAR
Hazırda oxunan: Məhərrəm ayında niyə və nəyə yas saxlayırıq? – MARAQLI DETALLAR
200994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.