Kəlbəcərin qızıl yataqları kimdədir – Tunellər qızılları hara aparır? 

Kəlbəcərin qızıl yataqları kimdədir – Tunellər qızılları hara aparır? 

Hazırda oxunan: Kəlbəcərin qızıl yataqları kimdədir – Tunellər qızılları hara aparır? 

20036

Zəngilan və Kəlbəcərdəki qızıl yataqları ilə bağlı müxtəlif fikirlər var. Bəziləri faydalı qazıntı mədənlərinə Rusiya şirkətlərinin nəzarət etdiyini düşünür. 

Erməni mətbuatının yazmasına görə isə Kəlbəcərdəki qızıl yataqları Azərbaycan və Ermənistan arasında bölüşdürülüb. Burada əsas mübahisə və müzakirə predmeti Zod qızıl yatağı ilə bağlıdır. 

Çünki noyabrın 26-ı Azərbaycan mətbuatında  da yayılan xəbərlərə görə, ordumuz erməniləri Zod yatağından çıxarıb.

Ermənistanın Kəlbəcərdəki qızıl yataqlarına iddiası isə onların saxtakarlıq siyasəti ilə əlaqədardır. Belə ki, İrəvan I Qarabağ müahribəsində Kəlbəcərin işğalından sonra dövlət sərhədini dəyişdirərək, qızıl yatağını Ermənistan ərazisinə daxil etmişdi. Səbəb isə, nə vaxtsa Kəlbəcəri qaytarmalı olsalar, yatağın onlarda qalmasını təmin etmək idi.

Azərbaycan isə beynəlxalq hüquqla tanınmış dövlət sərhədinə uyğun olaraq ermənilərin qanunsuz qurduğu “sərhəd qapısını” keçərək, real sərhədi bərpa edib. Bununla da, Ermənistan parlamentində Naira Zöhrabyan kimi deputatlardan Paşinyana danlaq dolu ittihamlar səsləndirilib. Nikol bu informasiyaları təkzib etsə də, daha sonra elə erməni KİV-də “Sotk” deyilən yatağın 80 azərbaycanlı hərbçinin nəzarətində olduğu barədə informasiyalar yayılıb. 

Ümumiyyətlə, erməni mətbuatında “Qarabağ və qızıl” başlıqlı çox yazı dərc olunub. Savaşda ağır məğlubiyyət alan ermənilər utancverici vəziyyətdən çıxmaq üçün, başlarını azacıq da olsa qaldıra bilmək üçün müxtəlif bəhanələr uydurublar. 

Guya ki, Azərbayan Kəlbəcər və Zəngilandakı qızıl yataqlarının hesabına II Qarabağ savaşını qazana bilib. Növbəti erməni böhtanına inansaq, Rusiya Azərbaycanın qızıl yataqlarının əvəzində müharibədə güzəştə gedib və İrəvana hərbi dəstək göstərməyib. 44 günlük savaş ərzində və hazırda Rusiyadan Ermənistana nə qədər silah-sursat daşındığını bildiyimiz üçün ermənilərin bu versiyası inandırıcı deyil. Həm də heç kəsə sirr deyil ki, Kreml Bakıdakı təsir imkanlarını itirməmək üçün Qarabağı heç vaxt könüllü sürətdə Azərbaycana qaytarmazdı. Onsuz da, bəzi mənbələrin yaydığı məlumata görə 30 illik işğal dövründə Qarabağdakı qızıl yataqları rus şirkətlərinin “kurasiya”sında olub. 

Rusiya bir vaxtlar qızıla görə Alyaskanı ABŞ-a satıb. Amma Qarabağda “sənin olanı sənə sata bilməzlər” məntiqi qabarır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 noyabr 2020-ci il məlumatına görə, Kəlbəcərdə hələ 143 ton qızıl yatağı mövcuddur. Zəngilandakı Vejnəli yatağı barədə danışan iqtisadçılar hazırda orada 2-3 milyard dollarlıq qızıl ehtiyatının olduğunu iddia edirlər. 

Hazırkı reallıq ondan ibarətdir ki, sərhədlər tam müəyyənləşdirilir və azad olunan torpaqlarda yeni infrastruktur yaradılır, bərpa işləri aparılır. Torpaqlar minalardan təmizlənəndən sonra çox narahatlığın müqəddəratı hamı üçün aydınlaşacaq. Əvvəlcə, zəruri təhlükəsizlik tədbirləri görülməlidir ki, Azərbaycanın əsas kapitalı olan insanların sağlamlığına təhdid qalmasın. 

Təhlükəsizlik demişkən, yəqin müharibənin gedişatında aşkarlanan yeraltı tunellər də dağıdılıb, yaxud nəzarətə götürülüb.

Çünki “daşnak tunelləri” arasında Kəlbəcərdən Göyçə gölü və İrəvan istiqamətində olanlar, həmçinin Zəngilandan İrana yönələnlər də var idi.

Bəzi ictimai fəalların fikrincə, bu faktlar Zəngilan qızılının İrana, Kəlbəcər qızılının isə İrəvana daşınması riskini formalaşdırır. Əlbəttə ki, bütün bunların güman xarakerli mövqelər olduğu üçün reallıqlara köklənmək lazımdır. Həqiqət isə Azərbaycanın tərəfindədir. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO