"Dünya qlobal qarşıdurmalar burulğanında" - Fərhad Məmmədovun TƏHLİLİ

Hazırda oxunan: "Dünya qlobal qarşıdurmalar burulğanında" - Fərhad Məmmədovun TƏHLİLİ

196005

"Bəşəriyyət tarixi qlobal miqyasda özünün ən təlatümlü dövrlərindən birini yaşayır. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin təhlükəsizliyi və əməkdaşlığını qorumaq üçün yaradılmış Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi xeyli müddətdir ki, iflic vəziyyətindədir. İşlək tənzimləmə mexanizmlərinin olmaması ucbatından indiyədək görünməmiş fəlakətlərə gətirib çıxara biləcək nüvə müharibəsi təhlükəsi gün keçdikcə daha da artır".

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru və politoloq Fərhad Məmmədovun Facebook səhifəsində yazdığı təhlildə yer alıb.

Onun sözlərinə görə, soyuq müharibənin ardından ortaya çıxmış dünya nizamı artıq öz aktuallığını itirib:

"Köhnəlmiş qlobal idarəetmə modelini əvəzləyə biləcək yeni dünya düzəni isə hələ ki, formalaşmayıb. Əgər əvvəlki beynəlxalq münasibətlər sistemi dünya müharibələrinin nəticəsi kimi yaranmışdısa, hazırda məhz nüvə silahı hələ ki, belə münaqişələr üçün çəkindirici amil rolunu oynayır. Bu səbəbdən günümüzdə müharibələr yalnız regional miqyasda baş verir, hərçənd onlar qlobal qarşıdurmanın təzahürləri olaraq nəzərdən keçirilməlidir".

Politoloqun fikrincə, müasir dövrdə sözügdən qarşıdurma üç istiqamətdə cərəyan edir:

"Silahlı münaqişələr, iqtisadi-ticarət müharibələri və ideoloji mübarizə.

• Silahlı münaqişələr: Hazırda dünyada qlobal əhəmiyyətə malik iki əsas aktiv münaqişə bölgəsi mövcuddur - Ukrayna və Yaxın Şərq. Birincisi ərazi baxımından konkret olsa da, ikincisi çoxsaylı gərginlik ocaqlarını özündə cəmləşdirir və müxtəlif zamanlarda fərqli ölkələrin (İsrail, Fələstin, Livan, Suriya, İraq, Yəmən, hətta İran) sərhədlərini əhatə edir. Lakin danılmaz faktdır ki, aktiv münaqişə tərəflərinin sayı tədricən artır, coğrafiyası genişlənir. Bu toqquşmalar daha uzunmüdətli və daha şiddətli xarakter alır. Mövcud qlobal idarəetmə sistemi isə sözügedən münaqişələri dayandıra bilmir.

• İqtisadi-ticarət müharibələri: Minilliyin ilk 20 ili daha çox qloballaşma şüarı altında beynəlxalq maliyyə axınlarına nəzarətin gücləndirilməsi və bu vəsaitlərin idarəedilməsi sahəsindəki təmərküzləşmə ilə yadda qalıb. Son illərdə xüsusilə Qərbin geniş iqtisadi sanksiyaları fonunda resurslar uğrunda mübarizə daha da kəskinləşib. Bura texnoloji sahədəki amansız rəqabəti, dayanıqlı təchizat zəncirlərinin qurulması istiqamətində aparılan gərgin yarışı, eləcə də ABŞ və Çin kimi dünya nəhəngləri arasındakı gedən ticarət müharibəsini də əlavə etdikdə, qlobal iqtisadi qarşıdurmanın nisbətən daha bütöv mənzərəsi yaranır.

• İdeoloji mübarizə: Günümüzdə müxtəlif ideoloji cəbhələri təmsil edən qüvvələr arasında çəkişmələr daha qabarıq tərzdə gedir. ABŞ və Aİ seçkiləri ərəfəsində bunu aydın şəkildə görmək mümkündür. Liberal interventlərlə mühafizəkarlar, qloballaşma carçıları ilə suverenlik tərəfdarları, radikal sağ və solçular arasındakı mübarizə o həddə çatıb ki, artıq bir-birinə qarşı müxtəlif fiziki məhv üsullarından belə istifadə edilir. Həmçinin, fərqli dünya baxışına malik olanlara qarşı müabrizə yumşaq güc alətlərindən istifadə, informasiya müharibələri, daxili siyasətə qarışma cəhdləri və rejiim dəyişikliklərilə müşayət olunur.

Nəticə

Beləliklə də, hazırda paralel cərəyan edən iki proses tədricən sürətlənir: Ən güclülər zəifləyir, orta və kiçik güclər isə daha da qüvvətlənir. Mövcud tendensiya şərti olaraq qlobal Şimal və qlobal Cənub adlandırılan dövlətlər qrupu arasındakı mübarizədə özünü daha aydın formada büruzə verir. Bu proses paralel şəkildə getdiyindən dünyanı cənginə alan qlobal qarşıdurmalar burulğanı daha kəskin şəkil alır. Belə şəraitdə, beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənlik hələ uzun müddət davam edə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO