Füzulidə “Ağıllı su” sistemi yaradılır - FOTO

Füzulidə “Ağıllı su” sistemi yaradılır - FOTO

Hazırda oxunan: Füzulidə “Ağıllı su” sistemi yaradılır - FOTO

195982

Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi Füzuli şəhərinə mediatur təşkil edib.
Mediaturda jurnalistlər Füzulinin su təchizatı və kanalzasiya sistemi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin təməli 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa çatdırılıb. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan 4 mərkəzi su anbarının inşası başa çatıb. Hazırda anbarlarda borulama işləri həyata keçirilir. Su mənbəyindən və anbarlardan götürülən suyun şəhərə ötürülməsi məqsədilə 10,7 km uzunluğunda magistral su kəmərlərinin inşası da yekunlaşıb.

Füzuli şəhərinin içməli, tullantı və yağış suları şəbəkələrinin tikintisi yaşayış kompleksinin yaradılması layihəsi çərçivəsində həyata keçirilir. Şəhərdə 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələrinin inşası davam etdirilir.

Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib. Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.

Qeyd edək ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə ADSEA tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.



























Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO