Əvvəlki illərlə müqayisədə Azərbaycanda boşananların sayı artıb. Boşanma zamanı məhkəmə çəkişmələrinin böyük qismi də əmlakla bağlıdır. Yəni boşanmaya qərar verən cütlük boşanmadan sonra əmlakın bölgüsündə razılığa gələ bilmir. Ailədə övlad varsa, alimentin verilməsi, məbləğin müəyyənləşdirilməsində də problemlər ortaya çıxır.
Boşanma zamanı bu kimi halların olmaması, həmçinin digər məsələlər üçün Ailə Məcəlləsində nikah müqaviləsinin bağlanması tövsiyə olunur. Lakin nikah müqaviləsinin bağlanmasına çox da maraq göstərilmir.
Ötən il deputat Sədaqət Vəliyeva Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunaraq nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayının az olduğunu deyib.
Bunun da bir sıra səbəbləri var. Daha çox insanlar müqavilə tələb edən tərəfin evliliyi sonlandıracağını düşünür. Bu fikir də yanlış qarşılandığı üçün tərəflər müqavilədən imtina edirlər.
Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. İstənilən vaxt pozula və dəyişdirilə bilər.
Bəs nikah müqaviləsi bağlamamağa daha çox hansı tərəf maraq göstərmir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Pərviz Hacıyev deyib ki, Azərbaycanda nikah müqaviləsinin bağlanmasına nadir halda rast gəlinir:
“Təcrübəmdə nikah müqaviləsinin bağlanmasına rast gəlməmişəm. Adətən, nikah müqaviləsini daha çox maddi imkanı yaxşı olan ailələr və ya qeyri-bərabər ailələr arasında bağlanır. Varlı ailələr sabah nə itirə biləcəklərini düşünərək öz şərtlərini irəli sürüb nikah müqaviləsi bağlayırlar.
Yaxud da maddi durum baxımdan qeyri-bərabər ailələr arasında bağlanır. Digər tərəf özünü sığortalamaq üçün nikah müqaviləsi imzalaya bilər. Təcrübədə az halda rast gəlinən bunlardır. Bir ömürboyu xoşbəxt yaşamağı, ayrılmamağı düşünən cütlüklər bir qayda olaraq o barədə düşünmürlər. Amma orta statsitik azərbaycanlı ailəsi nikah müqaviləsi imzalamağa o qədər də meyilli deyil”.
Hüquqşünas hesab edir ki, ölkədə nikah müqaviləsinin geniş yayılmaması mental dəyərlərlə bağlıdır:
“Nikah müqaviləsi bağlamaq istəyənə pis baxırlar. Düşünürlər ki, o, evlənməmişdən artıq boşanmanı fikirləşir. Amma sonradan məhkəmələrdə çox sayda problemlər olur. Qız tərəfi deyir ki, bu əmlak məndə əvvəldən var idi və yaxud əməkhaqqımız qeyri-bərabərdi və s. bu kimi problemlər yaşanır. Boşanma prosesində əmlakların, mülklərin üstündə biabırçılıqlar olur. Fikirləşirsən ki, vaxtında nikah müqaviləsi imzalasaydılar indi durum bu həddə gəlib çıxmazdı”.
Vəkil bildirib ki, adi qaydada boşanmada əmlak yarıya bölünür:
“Qanunvericiliyə görə, nikah dövründə birgə əldə olunmuş əmlak nikaha xitam veriləndə yarı bölünür, burada qadının və ya kişinin işləyib işləməməsinin heç bir aidiyyatı yoxdur. Hesab olunur ki, hər iki tərəf birgə təsərrüfat aparır və buna görə də həmin əmlaklar bərabər bölünür. Himayədə azyaşlı uşaq varsa, pay daha artıq müəyyən oluna bilər. Nikah müqaviləsi olanda isə mübahisə yaranmır.
Bəzi hallarda nikah müqaviləsinin imzalanmaması gələcəkdə nikaha xitam verməyə şirnikləndirir. Bir az münasibət korlanan kimi itirəcəyi bir şey olmadığı üçün, əmlaklar da bölündüyü üçün heç vaxt işləməyən qadın və ya kişi rahat boşanmaq istəyir. Amma nikah müqaviləsi imzalananda, gələcək əmlakın rejimi müəyyənləşəndə nikaha xitam veriləndə heç nə əldə eləyə bilməyəcəyini fikirləşir”.
Qeyd edək ki, ötən il Azərbaycanda nikaha girənlərin nə qədərinin nikah müqaviləsi bağlaması, nikah müqavilələrinin sayı ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlamışıq.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 05.06.2024
Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?
Hazırda oxunan: Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?
Hazırda oxunan: Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?
195784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.