Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb - FOTO

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb - FOTO

Hazırda oxunan: Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb - FOTO

195525

İyunun 3-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xarici diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı” öz işinə başlayıb.

ADA Universitetindən Bizim.Media-ya bildirilib ki, qitələr arasında diplomatik körpü rolunu oynayan proqram Amerika, Afrika, Avropa və Asiyadan 14 ölkəni təmsil edən 21 diplomatı bir araya gətirib. Həmin ölkələr sırasında Qayana, Burkina Faso, Ekvador, Syerra-Leone, habelə Belarus, Moldova, Slovakiya, Tacikistan, Özbəkistan və digər ölkələri qeyd etmək mümkündür.

Proqramın bu gün ADA Universitetində baş tutan açılış mərasimində bu ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə, onun müşaviri Aygün Hacıyeva və AIDA-nın rəisi Elməddin Mehdiyev çıxış ediblər.
Diplomatlara ölkəmizin regiondakı geostrateji mövqeyi, regional və qlobal əməkdaşlığı barədə məlumat verən Fariz İsmayılzadə iştirakçıların ölkəmizə gəlişinin əlamətdar bir dövrə - torpaqlarımızın işğaldan azad edildiyi, həmçinin Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxta təsadüf etdiyini vurğulayıb.

AIDA-nın rəisi Elməddin Mehdiyev isə bu proqramın beynəlxalq əməkdaşlığa verdiyi töhfədən, eləcə də Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan danışıb.

Çıxışında ikitərəfli əlaqələrin inkişafına verilən akademik dəstəyin önəmindən bəhs edən Aygün Hacıyeva “Xarici Siyasət Proqramı”nın, eləcə də ADA Universitetinin beyin mərkəzi olan İnkişaf və Diplomatiya İnstitutunun tarixinə və fəaliyyətinə toxunub. Əlavə edib ki, uzun illik təcrübəyə malik proqram vasitəsilə xarici diplomatlar ölkəmizin milli maraqları, müasir regional reallıqlar fonunda Azərbaycanın yürütdüyü xarici siyasət, təhlükəsizlik strategiyası və digər vacib məsələlərlə bağlı ətraflı məlumat əldə edirlər.

ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaqlar xarici diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı, ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları mövzularında məruzələrlə çıxış edəcəklər.

Proqram çərçivəsində, həmçinin iştirakçıların bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirməsi, eləcə də tarixi-mədəni yerləri ziyarət etməsi və işğaldan azad edilmiş Füzuli rayonuna səfəri nəzərdə tutulur.

Xatırladaq ki, bu günədək 7 dəfə təşkil olunan proqram 2018-ci ildən etibarən həyata keçirilir. Ötən illərdə 63 ölkədən 96 xarici diplomat proqramda iştirak edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO