Milli Məclis: Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır

Milli Məclis: Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır

Hazırda oxunan: Milli Məclis: Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır

193889

Mayın 24-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyi qəbul olunduqdan sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən deputatlar gündəmdə olan məsələlər barədə fikirlərini açıqlayıblar. Onlar Fransanın bəzi dairələrinin bu ölkənin müstəmləkəçilik siyasəti nəticəsində Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlarını əsassız hesab ediblər. Bildirilib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlarda yerli əhalinin Fransanın neokolonial siyasətinə etirazı nümayiş etdirilib. Azərbaycanın Yeni Kaledoniya ilə bağlı mövqeyi isə ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq sənədlərdən, o cümlədən Qoşulmama Hərəkatının fəaliyyətinin əsasını təşkil edən prinsiplərdən irəli gələn yanaşmadır.

Çıxışlarda, habelə Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin Ermənistana səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi təxribatçı bəyanatlar pislənilib. Qeyd olunub ki, bu qərəzli ittihamları Milli Məclis kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.
Deputatlar, eyni zamanda vurğulayıblar ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq uzun müddət Ermənistanın işğalında olan Qazağın 4 kəndi geri qaytarılıb. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzura qayıdışı təmin olunub, sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar atılır. Bildirilib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasətini uğurla davam etdirir.

Milli Məclisin sədri qaldırılan aktual məsələlərin vacibliyini nəzərə alaraq, mövcud reallıqların geniş ictimaiyyətə çatdırılması üçün deputatları sosial şəbəkələrdə, mediada fəal olmağa çağırıb.

Sonra Sahibə Qafarova iclasın gündəliyinə 7 məsələnin daxil edildiyini və ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu söyləyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə məlumat verib. O, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsinə deputat Kamaləddin Qafarovun namizədliyinin irəli sürüldüyünü bildirib.

Milli Məclisin bu qərar layihəsi səsə qoyularaq qəbul edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO