İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

Hazırda oxunan: İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

192615

Mayın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan alverinə aid olan cinayətlərin formasına görə cinsi istismar, məcburi əmək, məişət köləliyi, orqan alveri, məcburi cinayət və dilənçilik hesab olunduğunu bildirib.

Bu cinayət növünə qarşı mübarizə üzrə öhdəliklərə onun qarşısının alınması, qurbanlara yardım və onların müdafiəsi, cinayətkarların təqibi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir. Ötən müddət ərzində Azərbaycanın bu sahədə gördüyü işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilib.
Komitə sədri çıxışında insan alveri ilə mübarizə sahəsində bir sıra risk faktorlarından bəhs edib, o cümlədən əmək bazarında vəziyyətin önəmli rolunu qeyd edib. O, bəzi statistik rəqəmləri nəzərə çatdıraraq bildirib ki, ölkəmizdə 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğində inzibati cərimə tətbiq edilib. Bununla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 512 şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 manat məbləğində cərimələnib. Habelə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 insan alveri və 3 məcburi əmək faktı aşkarlanıb, lazımi tədbirlər görülüb. Sənəddə, eyni zamanda, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 58 faktın aşkarlandığı və bu hadisələrə qarşı mübarizə tədbirləri barədə məlumat verilir. Həmçinin qeyd olunur ki, “152” Qаynаr xəttinə dахil оlmuş 9.626 zəngin hər biri araşdırılıb və müvafiq addımlar atılıb.

Sonra İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı barədə fikirlərini açıqlayıb. O, insan alveri cinayəti ilə mübarizədə aidiyyəti dövlət strukturlarının, ictimaiyyət nümayəndələrinin birgə səylərinin önəmindən danışıb. Bu sahədə səmərəli fəaliyyətin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinin, nəzarət mexanizmlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatını təqdim edib. İdarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının uğurla icra edildiyini söyləyib.

O, illik məlumatın Ağır Cinayətlər məhkəmələrinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, DİN-in struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri nəzərə alınmaqla hazırlandığını deyib.

Qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlərdə görülən işlər öz əksini tapıb.

Nəzərə çatdırılıb ki, ötən il insan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məlumat mübadiləsi, ölkəmizin mövqeyinin qorunması sahəsində də önəmli addımlar atılıb. Bu istiqamətdə beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair tövsiyə və sorğuları cavablandırılıb, insan alverinə qarşı mübarizədə mütərəqqi beynəlхalq təcrübənin öyrənilməsi məqsədilə xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələrdə fəal iştirak ediblər.

Çıxışının sonunda Həzi Aslanov qarşıda duran vəzifələr, o cümlədən insan alverinə qarşı mübarizədə müstəsna rol oynayan 2025-2030-cu illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının hazırlanması və nəzərdə tutulan digər tədbirlər barədə danışıb.
Müzakirələrdə ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, əldə edilən nailiyyətlər təqdirəlayiq hesab olunub. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün müvafiq strukturların əməkdaşlığının vacibliyindən bəhs edilib, profilaktik tədbirlərin səmərəliliyinin artırılması, maarifləndirmənin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov qaldırılan məsələlərə münasibət bildirib.

Sonda İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO