Qədir Aslan yaradıcılığının qoşa zirvəsi – Misir Mərdanov yazır...

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi – Misir Mərdanov yazır...

Hazırda oxunan: Qədir Aslan yaradıcılığının qoşa zirvəsi – Misir Mərdanov yazır...

191999

Həsən-nənə, Həsən-baba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgər tək qulların, dağlar!


Göyçəsiz olmur, bir ömrün yurdsuz nə faydası… Düz, 36 il də belə gəlib keçdi, biz Qərbi Azərbaycanlıların sinəsi 36 min dəfə belə dağlandı. Amma cənnət guşəmiz Qarabağın azadlığına qovuşması ürəyimizə sərin su səpdi, bizim də həsrətimizin bir gün sona yetəcəyinə ümid yaratdı. Azərbaycan Prezidenti, Cənab Ali Baş Komandanın əzmkarlığı, hər gün daha bir uğura imza atması bizi əmin edir ki, o gözəl yurd-yuvamıza dönəcəyik və bu həsrət bitəcək.

Əslində yurd adamları olmadan bir torpaq parçasıdır. Düşünürəm ki, 36 il həsrətə tab gətirə bilməyimizin bir səbəbi də yurddaşlardır, yurdu öz içində daşyan adamlarımızdır.

Onlar olmadan yurdun da qiyməti olmazdı. Yurd adam-adam yurd olar, adam-adam da yurd azalar.

Göyçəni də yurd eliyən adamlardan biri, hamımızın sevimlisi, Azərbaycanın əməkdar jurnalisti Qədir Aslandır. Qədir Aslan(Aslanov) imzası ilə 1970-ci illərdən qiyabi olaraq tanış idim. Demək olar ki, hər ikimiz Göyçə gölünün sağ və sol sahillərində eyni mühitdə doğulub boya başa çatmışıq. Mən İcevan rayonunun Göyərçinli kəndində, Qədir müəllim isə Göyçə mahalının Basarkeçər rayonunun ucqar dağ kəndində anadan olmuşuq. 

Xatırlayıram, rəhmətlik atam İcevan rayonunun Salah kəndində kolxoz sədri vəzifəsində çalışdığı üçün, payız aylarından başlayaraq rayonumuzun sıx meşəliklərindən odun tədarük edib, qışda Basarkeçər rayonunun kəndlərinə göndərərdilər. Bizim rayondan fərqli olaraq Basarkeçər rayonunun kəndləri meşəsiz, yaşıl dağların ətəyində yerləşirdi. Kəndlərin heç birində qaz yox idi. Əksəriyyətində isə elektirik enerjisi olmadığı üçün insanlar yanacaq kimi yalnız təzəyin ümidinə yaşayırdılar.  

Göyçədə qış son dərərcə sərt keçərdi. Oktyabr, noyabr aylarından başlayaraq, may ayının ortalarına qədər şaxtalı, sazaqlı olardı. Eləki may ayı gəldi, təbiət Göyçənin üzünə gülərdi. Dağlar al əlvan geyərdi, laləzərli göyçəmənlər, min dərdin dərmanı olan buz sulu bulaqların şırıltısı nəğməkar quşların səsinə səs verərdi.
Qədim aşıq sənətinin vətəni olan bu gözəl yurdda təbiət çox istedadlı insanlar yetişdirib tarixən. Orada hər 3 nəfərdən biri ya şair, ya da aşıq olardı. Qədir Aslan da o saf mühitin yetirdiyi istedadlardan biri idi. 

Xatırlayıram, 70-ci illərin əvvəllərində Basarkeçər rayonunda çıxan “Bolluq uğrunda” və “Sovet Ermənistanı” qəzetlərində Qədir Aslanov adlı bir gəncin çox maraqlı məqalələri, xüsusən də felyeton janrında yazdığı yazılar dillər əzbərinə çevrilmişdi. 


Onun bu mətbu orqanlarda çıxan “Hamam əhvalatı”, “Sədrlə anbardarın söbəti”, “Aşot bazar açıb”  felyotonları dərc ediləndə hamı o haqda danışardı. Onun satirik yazıları çıxanda rayon partiya komitəsinin plenumunda müzakirə olunardı və Qədir Aslanın qələminə tuş gələnlər haqda ciddi ölçü götürülərdi. O dövr jurnalist peşəsinə sahib olmaq çox çətin idi. Bu ideoloji sahə olduğu üçün, ermənilər xüsusən bu sahədə Azərbaycanlı kadrların yetişməsinə imkan vermirdilər.

Basarkeçər rayonunda birinci katib işləyən, Yunus Rzayev, təhsil şöbəsinin müdiri Tapdıq Əmiraslanov, Basarkeçər rayon partiya komitəsinin katibi Qəşəm Aslanov çətin də olsa, azərbaycanlı kadrların Göyçədə qalıb işləmələri üçün gücləri çatan qədər imkan yaratmağa çalışırdılar. 

Qədir müəllim də gənc kadrlardan biri kimi, qısa zamanda peşəkar jurnalist olaraq özünü təsdiqləmişdi.

Sözün düzü, o zamanlar elə düşünürdüm ki, Qədir müəlllim rəhmətlik Qəşəm Aslanovun qardaşı və yaxud əmisi oğlu olduğu üçün qəzetdə müxbir fəaliyyətinə başlaya bilib.

O dövrlər Göyçə basarağında  elm və mədəniyyət adamlarının, tanınmış simaların Qərbi Azərbaycan ictimaiyyətinə çatdırılması, onların haqq və hüquqlarının qorunmasının ağırlıq yükü daha çox jurnalistlərin üzərinə düşürdü. 

Qədir müəllim də bu sahədə üzərinə düşən tarixi missiyanı böyük cəsarət və məharətlə yerinə yetirən şəxsiyyətlərdən biri idi. Tale elə gətirdi ki, Qədir müəllimlə 1990-ci illərin sonlarında təhsil nazirliyində keçirilən bir tədbirdə görüşdük. Adını, soyadını deyən kimi, qiyabi olaraq onu tanıdığımı bildirdim. O zaman bildim ki, Qədir müəllim Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən biri, millət vəkili, professor Səfiyar Musayevin əmisi oğludur. 
Etiraf edim ki, Göyçə basarağında Nərimanlı kəndi elm mərkəzi kimi şöhrət qazanmışdı. O kənddən Bakıda bir neçə elmlər doktorları, professorlar, millət vəkilləri var idi. Keçmiş millət vəkilləri Səfiyar Musayev, Maksim Musayev, professor Qurban Bayramov, fəlsəfə elmləri doktoru Maqsud Cəlilov, uzun illər Ermənistanda yüksək vəzifələrdə çalışmış Talıb Musayev, Zərbalı Qurbanov və çox sayda tanınmış həkimlər balaca bir dağ kəndinin yetirdiyi şəxsiyyətlərdi. 

Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, o insanlar bir mənalı olaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi, demokratik dövlət quruculuğu islahatlarına xüsusi töhfələr veriblər. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  məqsədyönlü islahatlararın həyata keçirilməsində o kəndin yetirmələri əllərindən gələni əsirgəmirlər.

Mən təhsil naziri olduğum illərdə hər gün “Respublika” qəzeti masamın üzərinə gətirilərdi.

“Respublika” qəzetinin elə bir sayı olmazdı ki, Qədir Aslanovun müxtəlif sahələri özündə əks etdirən yazıları dərc olunmasın. O, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlarla bağlı fundamental yazılarla çıxış edər, təhsil sahəsində olan uğurlarla yanaşı mövcud problemləri təkliflər qismində o qədər ustalıqla yazardı ki, o problemlərin aradan qaldırılması istiqamətində həyata keçirtdiyimiz tədbirlərdə onları nəzərə alardıq.

Heç də təsadüfi deyil ki, 1771-ci ildə İngiltərə parlamentində çıxış etmiş Cek Keyder jurnalistikanı “dördüncü hakimiyyət” adlandırırdı. Həqiqətən də bu peşə böyük məsuliyyət və şərəf deməkdir. Jurnalistika həm də cəmiyyətin güzgüsüdür. Yəni jurnalist ölkədə baş verən xırda hadisədən böyük tədbirlərə qədər hər şeyi xalqa çatdıran, dünya ictimaiyyətinə xəbər verən və bilavasitə təmsil etdiyi cəmiyyət haqqında müsbət və ya mənfi rəy yaradan şəxsdir.

Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Bu baxımdan hesab edirəm ki, Qədir müəllim istər Qərbi Azərbaycanda çalışdığı illərdə, istərsə də çağdaş dövrümüzdə əsl vicdanlı jurnalist, yazıçı və publisist kimi öhdəsinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirərək, daima müstəqil dövlətimizin keşiyində duran ziyalı obrazını özündə cəmləşdirib. 

Əminliklə deyə bilərəm ki, Qədir Aslan, iti qələminə, fitri istedadına söykənərək Göyçə mahalının ucqar dağ kəndindən başlanan yaradıcılıq uğurunun Bakı zirvəsini fəth edib. Əməkdar jurnalistin alın təri ilə böyütdüyü övladları da bu gün atalarının şərəfli yolunu yorulmadan davam etdirirlər.
Onun oğlu Möhsüm Qədir oğlu və qızı Esmira Aslanova uzun illər Lider və  Azərbaycan Televiziyasının Ukrayna və şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri postunda çalışıblar. 20 ildən çoxdur onlar da atalarından sonra qoşa zirvə kimi qələmə sarılaraq, ölkəmizi Avropada və Türkiyədə ləyaqətlə təmsil edirlər. Ata və övladlarının dünya azərbaycanlılarının vahid Azərbaycançılıq məfkurəsi ətrafında birləşməsində misilsiz xidmətləri var.

Qədir müəllim, peşəkar jurnalist olmaqla yanaşı, həm də, yazıçı, publisist kimi bir çox kitabların müəllifidir. Onun,” Goranboy Qartalları”, “Qədim oğuz yurdunun Milli Qəhrəmanları”, “Göyçə şəhidləri”, “20-ci əsrin Koroğlusu” kitabları Azərbaycanın müstəqilliyi uğrunda  canlarından keçmiş oğul və qızlarımızın qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Qədir Aslanın yaradıçılıq imkanları çoxşaxəli və çox vektorludur. O, qələmini bütün sahələrdə sınaqdan keçirərək, uğur qazanıb. Bu baxımdan onun peşəkar jurnalist fəaliyyətini indiki gənc nəslə örnək və nümunə göstərmək olar.

Qədir müəllim ömrününün 80-ci baharına qədəm qoyur. Həyatının 44 ilini qədim oğuz yurdu olan Göyçə mahalında, 36 ilini Bakıda yaşayıb yaradan Qədir Aslanı 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona sağlam ömür arzulayıram.Əminəm ki, tezliklə qədim yurd yerlərimiz olan Göyçə Mahalı, İcevan, Dilcan rayonu, İrəvan şəhəri, Vedibasar, Qaraqoyunlu dərəsi, Dərələyəz mahalı möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində yenidən öz doğma sakinlərini qoynuna alacaq.

Qədir müəllim ömürünün ahıl çağlarını o yerlərdə yazıb yaradacaq. Onun 90-100 illik yubileyini əzəli torpaqlarımızda qeyd edəcəyik.
Əminəm ki, Qədir Aslan yaradıcılığının qoşa zirvəsi həm maddi, həm mənəvi anlamda öz doğma yurd-yuvasında bir daha ən uca zirvəsinə qovuşacaq!

Professor Misir Mərdanov, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO